BAKI, 30 may. TELEQRAF
Soyuq müharibədən sonra onilliklər ərzində qurulmuş nüvə silahı potensialına beynəlxalq nəzarət sistemi sürətlə dağılır. Bu müstəvidə Rusiya və ABŞ arasında imzalanmış əsas müqavilələrin müddəti bitib və ya faktiki olaraq qüvvəsini itirib.
Ən böyük nüvə gücləri arasında qarşılıqlı etimad geosiyasi münaqişələr, sanksiya müharibələri və yeni dünya nizamı uğrunda mübarizə nəticəsində sarsılıb.
Təxminən yarım əsrdir ki, bəşəriyyət paradoksal bir məntiqlə yaşayırdı: sivilizasiyanı məhv edə bilən silahlara sahiblik eyni zamanda onların istifadədə olunmayacağına zəmanət verirdi. Qarşılıqlı məhv anlayışı supergücləri birbaşa münaqişəyə griməkdən qorusa da, hazırda bu çəkindirmə arxitekturası erroziyaya uğramaq üzrədir.
Əsas təhlükə təkcə nüvə dövlətlərinin potensialının artmasında yox, həm də əvvəllər bu gərginliyin idarə olunmasına imkan verən siyasi mexanizmlərin məhv edilməsindədir.
SSRİ-nin dağılmasından sonra belə, bir müddət nisbi strateji sabitliyin təminatı müstəvisində Vaşinqtonla Moskva arasında qüvvədə olan müqavilələr sistemi mövcud idi. SSRİ və müstəqil Rusiya Federasiyası dövründə imzalanmış Orta və kiçik mənzilli raketlərin ləğvi, habelə Strateji Hücum Silahlarına (SHS) nəzarət üzrə daha 3 müqavilə ən azı minimal səviyyədə hadisələrin proqnozlaşdırıla biləcəyinə zəmin yaradırdı. Lakin hazırda bu mexanizmlər birtərəfli qaydada dayandırılıb və ya onların müddəti bitib.
Bu yöndə ən önəmli saziş olan strateji nüvə silahlarının ixtisarı və məhdudlaşdırılması barədə SHS-3 müqaviləsinin müddətinin 2026-cı ilin fevralında başa çatması çox təhlükəli qeyri-müəyyənlik yaradıb. Belə ki, artıq dünyanın iki ən böyük nüvə silahı potensialına malik olan iki dövləti – ABŞ və Rusiya arasında belə silahlara qarşılıqlı nəzarət üzrə heç bir öhdəlik yoxdur. Qeyd edək ki, bu müqavilə zərbə endirmək məsafəsi 5000 kilometrdən artıq olan qitələrarası ballistik raketlərə (QBR) aid idi.
Problem ondadır ki, müqavilələrin dayandırılması və müddətinin bitməsi heç də belə raketlərin yoxa çıxması anlamına gəlmir. Əksinə, qaydaların olmaması yeni silahlanma yarışına rəvac verir.
Moskva öz siyasətini hazırda strateji bərabərlik konsepsiyası çərçivəsində aparır. Rusiya rəhbərliyi nüvə silahlarının ölkənin suverenliyinin əsas qarantı və Qərbin birbaşa hərbi müdaxiləsinin qarşısını alan amil olduğunu iddia edir.
Bu müstəvidə əməkdaşlıq barədə Kremlin təklifləri ənənəvi qaydada nüvə müharibəsinin yolverilməzliyi, strateji tarazlığın qorunması, sərhədlər yaxınlığında zərbə sistemlərinin yerləşdirilməsindən çəkinmək, yalnız nüvə silahlarını deyil, həm də raketdən müdafiə sistemlərini, hipersəs silahları və yüksək dəqiqlikli qeyri-nüvə silahlarını da nəzərə almaq, digər NATO nüvə güclərinin iştirakı olmadan arsenalın azaldılmasını müzakirə etməyin mümkünsüzlüyü prinsiplərinə əsaslanır.
Moskva həmçinin Böyük Britaniyanın və Fransanın nüvə qüvvələrinin NATO-nun ümumi potensialının bir hissəsi kimi qeydə alınmasında israrlıdır.
Bundan əlavə, Rusiya getdikcə daha çox yeni sistemlərə — hipersəs və qeyri-ənənəvi çatdırılma sistemlərinə, sualtı dronlara güvənir. Əslində Moskvanın bu siyasəti ABŞ-nin iqtisadi və texnoloji üstünlüyünü asimmetrik alətlərlə kompensasiya etmək istəyindən irəli gəlir.
Vaşinqton nüvə silahlarına nəzarət barədə yeni danışıqların bərpası təkliflərini rəsmi qaydada dəstəkləsə də, Ağ Evin yanaşması Kremlin möqeyindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu mənada, ABŞ yeni bağlana biləcək müqavilələrə Çinin də qoşulması tələbini irəli sürür. Vaşinqton həmçinin Rusiyanın qeyri-strateji nüvə silahları ilə bağlı daha çox şəffaflığın olmasında, yeni silah növlərinə məhdudiyyətlərin qoyulmasında və genişləndirilmiş yoxlama mexanizmlərinin tətbiqində maraqlıdır.
Bu baxımdan, Amerika strategiyası getdikcə yalnız nüvə üstünlüyünə deyil, həm də texnoloji dominantlıq konsepsiyasına əsaslanır: raketdən müdafiə sistemləri, kosmik komponentlər, süni intellekt, kiber imkanlar və yüksək dəqiqlikli qeyri-nüvə zərbələri. Çünki Vaşinqton nüvə silahları üzrə əvəvlki klassik müqavilələrin artıq müasir çoxqütblü reallıqla ayaqlaşmadığı məntiqinə söykənir.
Növə potensialına görə dünyanın 3-cü güc mərkəzi olan Çin yeni nüvə dövründə ən fəal aktora çevrilib. Uzun müddətdir ki, minimal nüvə çəkindirməsi qabiliyyətini qoruyub saxlayan Pekin, nüvə silahlarına nəzarət müqavilələrinə yalnız Rusiya və ABŞ ilə paritet potensiala malik olduqdan sonra qoşulmağa razılaşacağını dəfələrlə açıqlayıb. Hazırda isə Çin sürətlə öz nüvə arsenalını artırır, qitələrarası raketlər üçün yeni qurğular yaradır və nüvə triadasını modernləşdirir.
Bir sıra agentliklərin iddiasına görə, Çin Sincan səhrasının Hami bölgəsindəki nüvə bazalarının yaxınlığında geniş buraxılış meydançaları, bunkerlər və rabitə qovşaqları şəbəkəsi qurur. Analitiklərin fikrincə, bu infrastruktur ABŞ-nin Çinin nüvə arsenalına qabaqlayıcı hücumu halında cavab zərbəsini təmin etmək üçün nəzərdə tutulub.
Bununla belə, Çin son dərəcə ehtiyatlı diplomatik mövqe sərgiləyir. Pekin nüvə güclərinin nüvə şantajı siyasətindən imtina etməli, ən böyük nüvə arsenallarına malik ABŞ və Rusiyanın əvvəlcə öz potensiallarının ixtisarını davam etdirməyə borclu olduqlarını vurğulayır. Əks halda, ABŞ və Rusiyanın potensialından təxminən 3 dəfə az nüvə gücünə malik Pekinin Vaşinqtonun və Moskvanın şərtləri altında danışıqlarda iştirak etmək niyyəti yoxdur.
İstisna deyil ki, Pekin bu siyasətlə vaxt qazanmağa çalışır. Moskva və Vaşinqton bir-birini qarşılıqlı şəkildə zəiflətsə, Çin tədricən onlarla bərabərhüquqlu strateji oyunçuya çevriləcək. Bu baxımdan, əksər analitiklər gələcək silahlanma yarışının artıq ikitərəfli deyil, üçqütblü olacağını düşünürlər.
Amerikanın strateji “nüvə çətiri”ndən mərhum ola bilmək riski ilə üzləşən Avropa bu məsələdə də sözün əsl mənasında autsayderə çevrilib. Donald Trampın ABŞ-nin NATO qarşısındakı öhdəliklərinin azaldıla bilməsi ilə bağlı açıqlamaları Avropada ciddi narahatlıq doğurur. Onilliklər ərzində Avropa elitaları ilk dəfə Amerikanın “nüvə qalxanı”nın mütləq zəmanət olmaya biləcəyi təhlükəsi ilə qarşılaşırlar.
Bu vəziyyətdə diqqət Avropada yeganə nüvə gücləri olan Böyük Britaniya və Fransaya yönəlir. Lakin burada bir neçə fundamental problem mövcuddur. Belə ki, Londonun və Parisin nüvə arsenalları Rusiya və ABŞ-nin potensiallarından təxminən 6 dəfə, Çinin göstəricilərindən isə 2 dəfə azdır. Həm də onların nüvə arsenalları əsasən genişmiqyaslı nüvə qarşıdurması üçün yox, zəmanətli cavab zərbəsi üçün nəzərdə tutulub. Başqa sözlə desək, ABŞ-nin strateji “nüvə çətiri” olmadan Böyük Britaniya və Fransa müstəqil şəkildə Avropanı nüvə təhlükəsindən qorumaq zorunda deyillər.
Hətta nəzəri baxımdan, Paris və Londonun bütün Avropa İttifaqının (Aİ) nüvə təhlükəsizliyini tətbiq etməyə hazır olacaqları halda belə, ortaya çətin sual çıxır: digər Avropa ölkələrini qorumaq üçün Böyük Britaniya və Fransa öz şəhərlərinin məhv edilməsi riskini daşımağa hazırdırlarmı? Bu sual isə, həmişə nüvə çəkindirməsi siyasətinin əsasını təşkil edib. olub.
Maraqlıdır ki, bu arada Norveçin baş naziri Yonas Qar Störe ölkəsinin rəsmi şəkildə Fransanın nüvə çəkindirməsi sisteminə qoşulduğunu açıqlayıb. Lakin onun sözlərinə görə, sülh dövründə nüvə silahları Norveç ərazisində yerləşdirilməyəcək. Xatırladaq ki, hələ 2025-ci ilin mart ayında Fransa prezidenti Emmanuel Makron Parisin nüvə çətirini müttəfiqlərə münasibətdə genişləndirmək barədə müzakirəyə başlamaq istədiyini bəyan etmişdi. Bu ilin mayında Polşa rəsmi olaraq bu təşəbbüsə qoşulub, Litva isə ona qoşulmaqda maraqlı olduğunu bildirdi.
Lakin reallaşacağı böyük şübhə doğuran bu təşəbbüs əslində Makron tərəfindən ortaya atılan siyasi avantüra və spekulyasiyadır. Belə ki, Avropanın tam mənalı muxtar nüvə çəkindirməsi sisteminin yaradılması böyük xərclər, hərbi infrastrukturun yenidən qurulması və Avropanın hələ hazır olmadığı siyasi inteqrasiya tələb edəcək. Bu mənada, “Avropanın nüvə suverenliyi” haqqında danışmaq real layihədən daha çox siyasi çağırışdır.
Ən təhlükəli qlobal tendensiya isə ondan ibarətdir ki, nüvə silahına malik olmaq istəyən dövlətlərin sayı get-gedə sartır. Çünki son onilliklərdə nüvə silahına sahib olan dövlətlərin xarici hərbi müdaxilədən sığortalandıqları hamı üçün nümunə rolunu oynayır.
Nüvə proqramlarından imtina edən və ya hələ inkişaf etdirməyən dövlətlər isə kənar təzyiqlərə və müdaxilələrə daha həssasdırlar. Məhz buna görə də nüvə silahı bir çox ölkələr tərəfindən öz mövcudluğunun mütləq təminatçısı sayılır.
Bununla belə, dövrümüzün reallıqları nüvə silahlarının həqiqətən də tam təhlükəsizliyə zəmanət verib-vermədiyinə aydınlıq gətirməyi tələb edir.
Bəli, 1945-ci ildən bəri tarix boyu böyük dövlətlər qarşılıqlı məhv olma riski səbəbindən birbaşa müharibələrdən çəkiniblər ki, bu kontekstdə də nüvə potensialı həqiqətən də çəkindirici vasitə rolunu oynayıb.
Lakin nüvə arsenalına sahiblik iqtisadi böhran, daxili münaqişələr, kiberhücumlar, terrorizm, texnoloji geriləmə və siyasi deqradasiya kimi təhlükələrdən qorunmaq üçün yetərli deyil. Bundan əlavə, ölkələr nə qədər çox nüvə texnologiyası əldə etsələr onların təsadüfi buraxılışı, səhvlər, texniki nasazlıq və nüvə materiallarının qeyri-dövlət subyektlərinin əlinə keçməsi riskləri də artır.
Bəs sadalanan faktlar fonunda lokal nüvə müharibəsinin baş verə biləcəyi ehtimalı varmı?
Son vaxtlara qədər nüvə silahlarının məhdud istifadəsi ideyası demək olar ki, qeyri-mümkün sayılırdı. Lakin bu gün bir sıra ölkələrin hərbi doktrinaları taktiki nüvə başlıqlarının istifadəsinə icazə verir.
Təhlükə ondadır ki, bəzi qüvvələr taktiki nüvə silahlarını bəşəriyyətə “nəzarət olunan” müharibə alətləri kimi qəbul etdirməyə çalışmağa başlayıblar.
Halbuki nüvə çəkindirməsi tarixi bunun tam əksini sübut edir: ilk istifadədən sonra eskalasiya üzərində nəzarətdə son dərəcə etibarsız vəziyyət yaranır. Heç bir siyasətçi lokal zərbə mübadiləsinin strateji fəlakətə çevrilməyəcəyinə zəmanət verə bilməz. Buna görə də hətta məhdud nüvə münaqişəsi belə bütün sivilizasiya üçün təhlükə olaraq qalır.
Sahil İsgəndərov, politoloq