AZ

Ermənistanın geosiyasi manevri: Rusiya asılılığından çıxış mümkündürmü?

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Cənubi Qafqazda geosiyasi və iqtisadi balansın yenidən formalaşdığı bir dövrdə Ermənistanın xarici iqtisadi prioritetləri ətrafında gedən müzakirələr daha da aktuallaşıb. İrəvanın Avrasiya məkanındakı mövcud inteqrasiya modelindən uzaqlaşaraq Qərblə münasibətləri genişləndirmək cəhdləri regionda yeni siyasi və iqtisadi proseslərin başlanğıcı kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, bu istiqamətdə atılacaq addımlar təkcə Ermənistanın daxili iqtisadi strukturuna deyil, həm də Cənubi Qafqazdakı regional güc balansına və beynəlxalq tərəfdaşlıq münasibətlərinə ciddi təsir göstərə bilər.

Maraqlıdır, Erənistanın Avrasiya İqtisadi İttifaqından uzaqlaşaraq Avropa İttifaqına inteqrasiya kursunu gücləndirməsi ölkənin iqtisadi modeli, enerji təhlükəsizliyi, miqrasiya siyasəti və regional geosiyasi mövqeyi baxımından hansı risk və imkanları yarada bilər?

Mövzu ilə bağlı Moderator.az-a iqtisadçı Eldəniz Əmirov münasibət bildirib. 

İqtisadçı bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması ölkənin iqtisadi və geosiyasi kursunda ciddi transformasiya prosesinə səbəb ola bilər:

"İlk növbədə qeyd etmək lazımdır ki, bu addım Ermənistanın mövcud iqtisadi modelinin mərhələli şəkildə dəyişməsi ilə nəticələnə bilər. Hazırda Rusiya bu prosesə müxtəlif iqtisadi və siyasi təzyiq alətləri vasitəsilə reaksiya verir. Ermənistan məhsullarına məhdudiyyətlərin tətbiqi ehtimalı, ucuz qaz, neft məhsulları və xam almaz üzrə mövcud güzəştlərin ləğvi, miqrasiya sahəsində problemlərin yaradılması, eləcə də gömrük üstünlüklərinin aradan qalxa biləcəyi ilə bağlı mesajlar Moskvanın İrəvana yönəltdiyi əsas siqnallar hesab olunur. Bu baxımdan Ermənistan üçün risklərin miqyası kifayət qədər böyükdür. 2025-ci ildə ölkənin qaz idxalının 82 faizi Rusiyanın payına düşüb. Hazırda Rusiya qazı Ermənistana 1000 kubmetr üçün 177,5 dollar qiymətinə təqdim olunur ki, bu da daha əlverişli tarif hesab edilir. Məhz buna görə enerji məsələsi Ermənistan iqtisadiyyatının ən həssas istiqamətlərindən biri sayılır.

Ticarət sahəsində də Rusiyadan asılılıq yüksək olaraq qalır. 2025-ci ildə Ermənistan ilə Rusiya arasında ticarət dövriyyəsi 7,7 milyard dollar təşkil edib ki, bu da Ermənistanın ümumi xarici ticarətinin 35,5 faizinə bərabərdir. Başqa sözlə, Rusiya hələ də Ermənistanın ən böyük iqtisadi tərəfdaşı statusunu qoruyur. Miqrasiya məsələsi də xüsusi əhəmiyyət daşıyır. Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistan vətəndaşları Rusiyada əlavə iş icazəsi almadan fəaliyyət göstərə bilirlər. Bu rejimin dəyişməsi Rusiyada yaşayan və çalışan ermənilər üçün gəlir, sosial təminat və hüquqi status baxımından yeni risklər yarada bilər. Bu isə Ermənistan iqtisadiyyatı üçün ciddi itkilərlə nəticələnə bilər. Məsələyə Rusiya prizmasından yanaşdıqda da vəziyyət Moskva üçün arzuolunan görünmür. Çünki söhbət yalnız Ermənistan məsələsindən getmir. Ermənistanın Rusiyanın iqtisadi orbitindən uzaqlaşması Moskvanın Cənubi Qafqazdakı təsir imkanlarının daha da zəifləməsi deməkdir. Gürcüstan uzun illərdir Rusiya inteqrasiya layihələrindən kənarda qalır, Azərbaycan isə balanslı və müstəqil regional siyasət yürüdür".

Eldəniz Əmirov vurğulayıb ki, bu baxımdan Ermənistanın da fərqli istiqamətə yönəlməsi Rusiyanın regiondakı iqtisadi və siyasi mövqelərinə əlavə zərbə kimi qiymətləndirilir:

"Bununla yanaşı, orta və uzunmüddətli perspektivdə Ermənistan üçün yeni imkanların yaranması da mümkündür. Əgər Azərbaycan ilə münasibətlər tam normallaşarsa, Türkiyə ilə sərhədlər açılarsa və regional kommunikasiya xətləri tam fəaliyyətə başlayarsa, Ermənistan ilk dəfə olaraq qapalı iqtisadi modeldən regional tranzit modelinə keçid imkanı əldə edə bilər. Türkiyə bazarına çıxış logistika xərclərinin azalmasına, ixrac imkanlarının genişlənməsinə və ölkənin xarici investorlar üçün daha cəlbedici məkana çevrilməsinə şərait yarada bilər.Avropa İttifaqı ilə münasibətlər fonunda da prosesin sürətləndiyi müşahidə olunur. Hazırda Ermənistan ilə Avropa İttifaqı arasında vizasız gediş-gəliş istiqamətində danışıqlar davam edir. 2025-ci ildə viza liberallaşdırılması üzrə fəaliyyət planı təqdim olunub, 2026-cı ildə isə ilk irəliləyiş hesabatı açıqlanıb. Avropa rəsmiləri bildirirlər ki, islahatlar davam edərsə, gələcək illərdə Ermənistan vətəndaşları üçün Şengen məkanına vizasız səfər real perspektivə çevrilə bilər. 

Bu isə təhsil, biznes, turizm və əmək mobilliyi baxımından yeni imkanlar yarada bilər. Bununla yanaşı, Avropa İttifaqı Ermənistan üçün 2,5 milyard avroya qədər investisiya proqramı, 270 milyon avroluq dayanıqlılıq və inkişaf paketi, həmçinin enerji, nəqliyyat, rəqəmsal infrastruktur və biznes mühiti üzrə yeni layihələr üzərində işləyir. Bu maliyyə dəstəyi Ermənistanın iqtisadi transformasiyasına mühüm töhfə verə bilər. Lakin bu keçidin sürətli və asan baş verəcəyini düşünmək doğru olmazdı. Məncə, ilk 1-2 il Ermənistan üçün daha mürəkkəb adaptasiya mərhələsi olacaq. Ticarət axınlarının dəyişməsi, yeni logistika marşrutlarının formalaşması, texniki standartların uyğunlaşdırılması, alternativ enerji mənbələrinin yaradılması və investor etimadının formalaşması müəyyən zaman tələb edir".

İqtisadçı diqqətə çatdırıb ki, əsas iqtisadi nəticələrin daha çox 3-5 illik dövrdə özünü göstərəcəyi ehtimal olunur:

"Bununla belə, Rusiyanın Ermənistana qarşı ən sərt qaz təzyiqi ssenarisinə gedəcəyini düşünmürəm. Çünki belə bir addım Ermənistan cəmiyyətində Rusiyaya münasibətin daha da pisləşməsinə və Moskvanın onsuz da zəifləyən təsir imkanlarının sürətlə azalmasına səbəb ola bilər. Eyni zamanda, Rusiya üçün qaz ixracı baxımından daha bir bazarın itirilməsi əlavə iqtisadi yük formalaşdırar. Bu səbəbdən daha real görünən variant mərhələli təzyiq modelidir.

Məhsul idxalına məhdudiyyətlərin tətbiqi, siyasi mesajlar, miqrasiya ilə bağlı siqnallar və enerji güzəştlərinin mütəmadi şəkildə gündəmə gətirilməsi Moskvanın istifadə edə biləcəyi daha çevik alətlər hesab olunur. Bu alətlərin üstünlüyü ondadır ki, Kreml onları istənilən vaxt yumşalda və ya tamamilə dayandıra bilər. Bununla yanaşı, prosesin ağrısız keçəcəyini düşünmürəm. Qısamüddətli perspektivdə Ermənistan iqtisadiyyatı müəyyən itkilərlə üzləşə bilər. ÜDM artım tempinin zəifləməsi, bəzi sahələrdə istehsalın azalması, əhali gəlirlərinin aşağı düşməsi, investisiya mühitində qeyri-müəyyənliyin yaranması və işsizlik riskinin artması mümkün ssenarilər sırasındadır.

Lakin orta və uzunmüddətli perspektivdən yanaşdıqda, mən bu prosesi Ermənistan üçün daha çox strateji imkan kimi qiymətləndirirəm. Əgər Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşarsa, regional kommunikasiyalar açılarsa və Avropa bazarları ilə inteqrasiya dərinləşərsə, Ermənistan daha geniş bazarlara çıxış əldə edə, investisiya cəlbediciliyini artıra, iqtisadiyyatını şaxələndirə və bir iqtisadi mərkəzdən asılılığını əhəmiyyətli dərəcədə azalda bilər. Bu isə uzunmüddətli perspektivdə daha dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi modelin formalaşmasına şərait yarada bilər".

Pərvin Şakirqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
6
moderator.az

7Mənbələr