AZ

Avropa sosialistlərinin CHP mövqeyi niyə ikili standart kimi qiymətləndirilir?

BAKI,TurkicWorld Orxan Qədirzadə

Sosialist İnternasionalın Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci növbəti qurultayı ilə bağlı məhkəmə qərarına reaksiyası siyasi müzakirələrə səbəb olub.

132 sol, sosialist və kommunist partiyanı birləşdirən beynəlxalq təşkilat Ankara Regional Apellyasiya Məhkəməsinin CHP-nin 38-ci növbəti qurultayının etibarsız sayılması ilə bağlı qərarını tənqid edib. Təşkilatın bəyanatında CHP-nin keçmiş sədri Özgür Özələ dəstək ifadə olunub, partiyanın yenidən sədrliyinə qayıdan Kamal Kılıçdaroğluna isə qurultayın qısa müddətdə keçirilməsi və intizam araşdırmalarından çəkinilməsi ilə bağlı çağırış edilib.

Bəyanatda məhkəmə qərarı “əsassız”, “hüquqa zidd” və “demokratiyaya zərbə” kimi qiymətləndirilib. Bununla yanaşı, qərarın siyasi rəqiblərə qarşı təzyiq məqsədi daşıdığı iddia olunub.

Ekspertlərin fikrincə Sosialist İnternasionalın Türkiyə ilə bağlı mövqeyi son dövrlərdə İspaniya və Portuqaliyada sosialist partiyalar ətrafında aparılan korrupsiya araşdırmalarına münasibəti ilə müqayisədə fərqli yanaşma kimi dəyərləndirilir.

Məlumata görə, İspaniyada Milli Məhkəmə mayın 26-da Baş nazir Pedro Sançes hökuməti ilə bağlı aparılan istintaq çərçivəsində İspaniya Sosialist Fəhlə Partiyasının qərargahında axtarış aparıb. Araşdırma yerli idarəetmə strukturlarından partiyanın mərkəzi rəhbərliyinə qədər uzanan maliyyə və siyasi korrupsiya iddiaları ilə əlaqələndirilib. Sosialist İnternasional isə həmin əməliyyatla bağlı ayrıca bəyanat verməyib.

Eyni zamanda, Portuqaliyada Korrupsiyaya Qarşı Mübarizə Bölməsi müxtəlif bölgələrdə çoxsaylı ev və iş yerlərində, eləcə də Sosialist Partiyasının qərargahında əməliyyat keçirib. İstintaq çərçivəsində mühasibat sənədləri və rəqəmsal məlumatlar götürülüb. İddialar arasında bələdiyyə tenderlərinin yönləndirilməsi, dövlət layihələrindən iqtisadi fayda əldə edilməsi, vəsaitlərin mənimsənilməsi, dələduzluq və vergidən yayınma kimi məsələlərin yer aldığı bildirilir. Məqalədə vurğulanır ki, Sosialist İnternasional bu hadisələrlə bağlı da rəsmi mövqe açıqlamayıb.

Həmçinin 2022-ci ildə Avropa Parlamentində gündəmə gələn və “Katargeyt” adı ilə tanınan korrupsiya qalmaqalında Avropa Parlamentinin vitse-prezidenti, Yunanıstanın PASOK partiyasının üzvü Eva Kayli və digər şübhəlilərin yaşadığı ünvanlarda aparılan axtarışlar zamanı böyük məbləğdə nağd pul aşkar edilmişdi.

Bildirilir ki, həmin hadisə zamanı Sosialist İnternasional ittihamları ciddi qəbul edib, şübhəlilərin təşkilatdan uzaqlaşdırılması istiqamətində addımlar atıb. PASOK partiyası Eva Kaylini partiyadan xaric edib, Avropa Parlamentindəki sosialist qrupu isə onun üzvlüyünə dərhal xitam verildiyini açıqlayıb.

Ekspertlər hesab edirlər ki, beynəlxalq təşkilat müxtəlif ölkələrdə baş verən oxşar hadisələrə fərqli münasibət göstərməklə ikili standart nümayiş etdirir. Yazıda CHP daxilindəki məhkəmə proseslərinin də partiya üzvlərinin müraciətləri əsasında başladığı vurğulanır və Sosialist İnternasionalın mövqeyinin bu kontekstdə əlavə müzakirələrə səbəb olduğu qeyd edilir.

Seçilən
43
turkic.world

1Mənbələr