AZ

Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Futbol üzrə dünya çempionatının 1930-cu ildə keçirilməsindən bəri kuboku yalnız səkkiz ölkə qazanmağı bacarıb.

“Qafqazinfo” xəbər verir ki, 2022-ci il də daxil olmaqla, keçirilən 22 dünya çempionatında ən çox çempionluq yaşayan komanda Braziliyadır.

Cənubi Amerika təmsilçisi beş dəfə dünya çempionu olub. Almaniya və İtaliya isə hərəyə dörd dəfə kuboku başı üzərinə qaldırıblar.

Argentina üç, Fransa və Uruqvay iki, İngiltərə və İspaniya isə bir dəfə dünya çempionu adını qazanıb.

Bugünədək çempionatın qalibi olan ölkələrin beşi Avropadan, üçü isə Cənubi Amerikadandır. Digər qitələrdən heç bir komanda dünya çempionu ola bilməyib.

Dünya çempionatı tarixində finala yüksəlib heç vaxt məğlub olmayan komandalar Uruqvay, İngiltərə və İspaniyadır. Uruqvay iki finalın hər ikisində, İngiltərə və İspaniya isə çıxdıqları yeganə finalda qələbə qazanıblar.

Dünya çempionatı tarixinin ən bəxtsiz komandalarından biri hesab olunan Niderland üç dəfə final oynasa da, heç vaxt çempion ola bilməyib. “Narıncılar” 1974-cü ildə Qərbi Almaniyaya, 1978-ci ildə Argentinaya, 2010-cu ildə isə İspaniyaya məğlub olaraq kubokun bir addımlığında dayanıb.

Bundan başqa, Çexoslovakiya və Macarıstan hərəyə iki dəfə, İsveç və Xorvatiya isə bir dəfə finala yüksəlsələr də, çempionluq sevinci yaşaya bilməyiblər.

Dünya çempionatı tarixində ən çox finala çıxan komandalar Almaniya və Braziliyadır. Almaniya səkkiz, Braziliya isə yeddi dəfə final oynayıb. Onları altı finalla İtaliya və Argentina, dörd finalla isə Fransa izləyir.

Dünya futbolunun iki nəhəngi – Almaniya və Braziliya yalnız bir dəfə finalda üz-üzə gəlib. Bu qarşılaşma 2002-ci ildə Cənubi Koreya və Yaponiyanın birgə ev sahibliyi etdiyi dünya çempionatında baş tutub və Braziliya 2:0 hesablı qələbə ilə beşinci çempionluğunu qazanıb.

Qeyd edək ki, çempionat İkinci Dünya müharibəsi illərində keçirilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
3
qafqazinfo.az

4Mənbələr