
İsrail və Livan arasında ABŞ-da keçirilən danışıqların 4-cü raundu Pentaqon binasında 9 saatdan çox davam edib.
AFN.az xəbər verir ki, hər iki ölkənin hərbi nümayəndə heyətlərinin iştirakı ilə ABŞ Müdafiə Nazirliyində baş tutan bu görüş barədə Livan mətbuatında geniş məlumatlar dərc olunub.
Gecə gec saatlarda başa çatan toplantı ilə bağlı xəbərlərdə qeyd olunur ki, İsrail tərəfi görüş zamanı Hizbullah ilə əlaqəli olduğunu iddia etdiyi ərazilərə dair xəritələr və kəşfiyyat məlumatları təqdim edib, həmçinin təşkilatın istifadə etdiyi dronlar məsələsini gündəmə gətirib.
Müzakirələr zamanı İsrailin təhlükəsizlik sahəsində münasibətlərin normallaşdırılmasını tələb etdiyi, Livan tərəfinin isə bunun hərbi deyil, siyasi bir qərar olduğunu əsas gətirərək həmin tələbi rədd etdiyi bildirilir.
Livan mətbuatında yer alan digər məlumatlara görə, aparılan hərbi danışıqların nəticələrinə dair Livanın Vaşinqtondakı səfirliyində bu gün qiymətləndirmə iclasının keçirilməsi planlaşdırılır.