AZ

Günəş sisteminin itmiş planeti tapıldı

Günəş sisteminin itmiş planeti tapıldı

Astronomlar milyardlarla il əvvəl Günəş sistemində beşinci nəhəng planetin də mövcud olduğunu sübut ediblər.

AFN.az xəbər verir ki, Yupiterlə yaşadığı təhlükəli yaxınlaşmadan sonra kosmos fəzasına atılan bu itkin dünya digər planetlərin peyklərini parçalanmaqdan xilas edən gizli bir qalxan rolunu oynayıb.

Astronomlar Günəş sistemimizin 4,5 milyard illik tarixində ən azı bir planeti itirmiş ola biləcəyimizi uzun müddətdir təxmin edirdilər.

Con Hopkins Universitetindən Metyu Klement və komandasının "Icarus" jurnalında dərc olunan yeni araşdırması Yupiter və Uranın peyklərinin keçmişdə sistemimizdə üçüncü bir buz nəhənginin mövcudluğuna dair çox mühüm ipucları saxladığını ortaya qoyub.

Elm adamlarının fikrincə, bu iki nəhəng planetin peykləri günümüzə qədər salamat çatdıqlarına görə həmin dövrdə yox olan bu sirli planetə borcludurlar.

Eldə edilən tapıntılar Günəş sisteminin erkən dövrlərində, yəni günümüzdən 3-4 milyard il əvvəl nəhəng planetlərin Günəşə və bir-birlərinə bugünkündən daha yaxın orbitlərdə yerləşdiyini göstərir.

Yupiter, Saturn, Uran və Neptun zamanla bir-birlərinin cazibə qüvvəsi ilə qarşılıqlı təsirə girərək bugünkü mövqelərinə doğru hərəkət ediblər, lakin bu cazibə mübarizəsi planetlərin peykləri üçün çox böyük bir təhlükə yaradıb.

Tədqiqatçıların apardıqları kompüter simulyasiyaları Yupiter və Uranın peyklərinin bu təlatümlü prosesdən sağ çıxma şansının normal şərtlərdə olduqca aşağı olduğunu göstərib.

Aparılan sınaqlarda Yupiterin peykləri simulyasiyaların yalnız 15 faizində, Uranın peykləri isə cəmi 9 faizində salamat qala bilib və hər iki sistemin eyni anda zərər çəkmədən xilas olma ehtimalı təxminən 1 faiz təşkil edib.

Ekspertlər xarici Günəş sisteminin erkən dövrlərinə aid 122 fərqli ssenarini minlərlə canlandırdıqda, həm Yupiter, həm də Uranın peyklərinin yox olmadan bu günə qədər gəlib çata bildiyi yalnız iki uğurlu model müəyyən ediblər ki, bu uğurlu ssenarilərin ortaq cəhəti başlanğıcda sistemdə beşinci nəhəng planetin olmasıdır.

Bu modelə görə, sistemin ilk bir milyard ilində Yupiterin yerdəyişməsi onu bu bəxti gətirməyən buz nəhəngi ilə qarşı-qarşıya qoyub.

Yupiterin nəhəng kütləsinin yaratdığı cazibə itələməsi bu sirli beşinci planeti Günəş sistemindən kənara fırladıb və onu ulduzlararası məkanda təkbaşına sürüklənən itkin bir dünyaya çevirib.

Bu itmiş buz nəhənginin varlığı digər dörd nəhəng planetin miqrasiya yollarını və sürətlərini tam lazımi dərəcədə dəyişdirib.

Planetlərin cazibə mübarizəsi müddətini qısaldaraq Uranın digər nəhəng dünyalarla dağıdıcı yaxınlaşmalar yaşamasının qarşısını alıb.

Yupiter isə bu yaxınlaşma zamanı öz peyklərinin orbitində bəzi sarsıntılar yaşasa da, peyklərin bir-birinə çırpılmasına və ya kosmos boşluğuna sovrulmasına səbəb olacaq qədər böyük bir zərbə almayıb.

Zamanla peyklər yenidən balanslı orbitlərinə oturublar.

Elm adamları Günəş sisteminin bugünkü həssas tarazlığına tamamilə təsadüfi və çox aşağı ehtimallı kosmik qeyri-sabitlik prosesinin sonunda çatdığını və bu hekayənin baş qəhrəmanının artıq aramızda olmayan itkin bir planet olduğunu qeyd edirlər.

Seçilən
38
afn.az

1Mənbələr