AZ

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

Ankara, 30 may, AZƏRTAC

ABŞ, Səudiyyə Ərəbistanı, Azərbaycan və Almaniya Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları siyahısına başçılıq edir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Ticarət Nazirliyinin İxrac Baş İdarəsinin nümayəndəsi Həsən Önal jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, dünya ticarətində mövcud tendensiyalar nəzərə alınmaqla Türkiyənin onlayn ixracı üzrə hədəf bazarların sayı 18-dən 35-ə yüksəlib. Bu qrupa son əlavə olunan ölkələr sırasında Almaniya, Fransa və Rumıniya da yer alıb.

“Əgər 2023-cü ildə ölkəmizin onlayn ixracının həcmi 2 milyard dollar təşkil edirdisə, bu gün artıq 6,4 milyard dollardan danışırıq və bu, son hədd deyil. Buna təkan verən ixraca dövlət dəstəyi proqramları olub”, – deyə o bildirib.

H.Önal qeyd edib ki, bir sıra ölkələr Türkiyənin elektron ticarətin genişləndirilməsi istiqamətində atdığı addımları diqqətlə izləyir: “Məsələn, Səudiyyə Ərəbistanında hesab edirlər ki, Türkiyə elektron ixracın inkişafı sahəsində Çindən sonra ən uğurlu təcrübəyə malikdir”.

Türkiyənin Ticarət Nazirliyinin nümayəndəsi ixracatçıların dəstəklənməsi üçün süni intellektdən istifadə edilməklə informasiya platformasının hazırlanmasından da danışıb. “Bu gün süni intellekt texnologiyalarından istifadə ilə ticarət mexanizmlərinə böyük əhəmiyyət veririk. Yerli ixracatçılar üçün informasiyaya operativ çıxış imkanı yaradan və qlobal rəqabət şəraitində daha səmərəli fəaliyyətə şərait yaradan rəqəmsal həllər hazırlayırıq”, – deyə o bildirib.

Sonda H.Önal İstanbulda növbəti Qlobal Elektron İxrac Sammitinin (IGEXX) keçiriləcəyini elan edib. Sammitin sentyabrın ilk həftəsində baş tutacağı ehtimal olunur.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Seçilən
13
4
azertag.az

5Mənbələr