AZ

"Politico": Çin Avropa İttifaqını yeni ticarət məhdudiyyətlərinə qarşı xəbərdar edib

"Politico" nəşrinin məlumatına görə, şənbə günü Çin Avropa istehsalının gələcəyinə dair artan narahatlıqlar fonunda Brüsselin Pekinin sənaye sahəsindəki izafi istehsal güclərinə qarşı genişmiqyaslı tədbirlər hazırladığı bir vaxtda, Aİ-ni yeni ticarət məhdudiyyətləri tətbiq etməməyə çağırıb.

Çin Ticarət Nazirliyinin bəyanatında deyilir: "Əgər Aİ birtərəfli qaydada yeni ticarət alətləri tətbiq etməkdə və ayrı-seçkilik xarakterli məhdudiyyətlər qəbul etməkdə israr edərsə, Çin öz maraqlarını qorumaq üçün qətiyyətli əks-tədbirlər görəcək və effektiv addımlar atacaq".

Nazirliyin məlumatında qeyd olunub: "Çin və Aİ arasında kommunikasiya kanalları açıq qalmaqdadır. Hər iki tərəf ticarət və investisiya məsələləri üzrə məsləhətləşmə mexanizminin yaradılması imkanlarını araşdırır və müvafiq dialoqlar aparacaq".

Bu bəyanat, cümə günü Aİ-nin yüksəksəviyyəli rəsmilərinin Çinin izafi istehsal güclərinə qarşı mübarizə yollarını müzakirə etmək üçün keçirdikləri görüşə cavab olaraq verilib.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen cümə günü 26 avrokomissarla birlikdə müzakirə aparıb. Bu debatların məqsədi- avtomobillərdən tutmuş günəş panellərinə və geyimə qədər Çin mallarının kəskin artaraq Avropa sənayesinə zərbə vurması, zavodların bağlanmasına və iş yerlərinin itirilməsinə səbəb olması fonunda, Aİ-nin Çin ilə böyüyən ticarət disbalansını həll etməyə yönəlmiş bir sıra siyasi alətləri nəzərdən keçirmək olub.

Müzakirələrdən sonra Avropa Komissiyasının yaydığı bəyanatda bildirilir: "Ticarət və investisiya münasibətlərinin hazırkı vəziyyəti dayanıqlı deyil. İqtisadi və təhlükəsizlik maraqlarının getdikcə daha çox bir-birinə qarışdığı bir şəraitdə, hər iki ölçü daha qətiyyətli və əlaqələndirilmiş cavab tələb edəcək".

Ticarət məlumatları göstərir ki, Aİ-nin Çin ilə malların ticarətindəki kəsiri ötən il 360 milyard avroya yüksəlib (2024-cü ildəki 312 milyard avroya qarşı). Bu kəsir 2026-cı ilin birinci rübündə daha kəskin şəkildə artıb.

Fransa və digər üzv dövlətlər Avropa sənayesini qorumaq üçün tədbirlərin gücləndirilməsini tələb etdiyi halda, Almaniya uzun müddətdir Pekinin cavab tədbirlərinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırdı.

Lakin nəşr qeyd edir ki, Berlin mövqeyini 180 dərəcə dəyişərək, cümə günü Aİ-nin Çin idxalının kəskin artmasına qarşı daha sərt tədbirlər görməyə hazır olduğuna dair siqnallar verib və bu, onun ənənəvi ehtiyatlı mövqeyindən uzaqlaşdığını nümayiş etdirir.

Hazırladı:

Səbuhi MƏMMƏDOV

XQ

Seçilən
31
2
xalqqazeti.az

3Mənbələr