AZ

Misir İsraili Qəzzada vəziyyəti daha da gərginləşdirməməyə çağırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Misir Qəzzada kövrək atəşkəsin dağılmasının qarşısını almaq üçün diplomatik fəallığını artırıb.

TurkicWorld xəbər verir ki, Misir Qəzzada qüvvədə olan atəşkəsin qorunması məqsədilə təcili diplomatik təşəbbüslərə başlayıb.

Məlumata görə, Qahirə İsrailə Qəzza zolağında hərbi fəaliyyətin genişləndirilməsinin sülh səylərinə zərbə vuracağını və münaqişənin daha da dərinləşməsinə səbəb ola biləcəyini çatdırıb.

Misir rəsmiləri hesab edirlər ki, bölgədə davam edən hava hücumları və artan gərginlik atəşkəs mexanizmini təhlükə altına qoyur.

Qahirənin vasitəçilik səyləri çərçivəsində HƏMAS-ın yüksək səviyyəli nümayəndə heyəti təcili danışıqlar üçün Misirə dəvət olunub.

Məlumatlara görə, nümayəndə heyətinə təşkilatın baş danışıqçısı Xəlil əl-Həyyə rəhbərlik edir.

Misir kəşfiyyatına yaxın mənbələr bildiriblər ki, tərəflər arasında təmaslar intensiv xarakter alıb və Qahirə həftənin sonunadək yeni danışıqlar raundunun təşkilinə çalışır.

Diplomatik mənbələrin fikrincə, məqsəd Qəzzada tammiqyaslı hərbi qarşıdurmanın qarşısını almaq və tərəfləri yenidən danışıqlar masasına qaytarmaqdır.

Seçilən
33
turkic.world

1Mənbələr