AZ

"Kreml Belarusı Ukraynaya qarşı yeni hücum üçün dayaq məntəqəsinə çevirib" - "Associated Press"

"Minsklə Moskva arasındakı hərbi əməkdaşlıq Kiyev üçün ciddi narahatlıq mənbəyi olaraq qalır..."

Belarus rəhbəri Aleksandr Lukaşenko üç onillikdən artıqdır hakimiyyətdə qalmasını Moskva ilə sıx əlaqələr və Kremlin maliyyə dəstəyi sayəsində təmin edib.

Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yazıb.

Belarusun müharibədə rolu artır

Nəşr yazır ki, buna görə də Minsk Ukraynaya qarşı müharibədə Rusiyaya hərtərəfli yardım göstərir. Nəşr xatırladır ki, 2022-ci ildə Kiyevə doğru irəliləyən Rusiya tankları məhz Belarus ərazisindən hərəkətə keçmişdi. Müharibə uzandıqca Belarus Kremlin hərbi səylərinin mühüm dayaqlarından birinə çevrilib.

Belarus müəssisələri mikroçiplər, elektronika, optik nişangah sistemləri, artilleriya sursatları və Rusiya raketlərini daşıyan xüsusi texnika istehsal edir. Ukrayna prezidentinin sanksiyalar üzrə nümayəndəsi Vladislav Vlasyukun sözlərinə görə, mayın 24-də Ukraynaya atılan "Oreşnik" raketinin qalıqlarında Belarus istehsalı olan mikroçiplər aşkarlanıb.

Minsk Kremlə necə kömək edir?

Müxalif "BelPOL" təşkilatının məlumatına görə, Belarus sənayesi faktiki olaraq Rusiyanın hərbi maşınına inteqrasiya olunub. Bildirilir ki, 500-dən çox müəssisə silah və sursat istehsalı, hərbi texnikanın təmiri və logistika xidmətləri ilə məşğuldur. Təşkilatın rəhbəri Vladimir Jiqarın sözlərinə görə, Ukrayna ilə sərhəddə yerləşən Qomel vilayətində böyük hərbi poliqon və kazarmalar tikilir.

Bu səbəbdən Kiyev Belarus sərhədində əhəmiyyətli sayda qüvvə saxlamağa məcbur qalır. Məqalədə həmçinin qeyd olunur ki, Belarus öz ərazisində Rusiyanın taktiki nüvə silahlarının bir hissəsini yerləşdirib. Jiqar hesab edir ki, Moskva lazım bildiyi anda Belarusdan Ukraynaya və ya NATO istiqamətində mümkün hərbi əməliyyatlar üçün platforma kimi istifadə edə bilər.

Yeni hücum nə dərəcədə realdır?

Rəsmi məlumatlara görə, Belarus ordusunda təxminən 48 min hərbçi xidmət edir. Hərbi analitik Aleksandr Alesin hesab edir ki, bu qüvvə genişmiqyaslı hücum əməliyyatı üçün kifayət deyil. Onun fikrincə, belə bir ssenari üçün yüz minlərlə əlavə hərbçinin səfərbər edilməsi lazım gələrdi ki, bu da Belarus iqtisadiyyatı üçün ağır yük olardı. Ekspert əlavə edir ki, Ukrayna son illərdə Belarus sərhədində güclü müdafiə xətləri qurub və geniş mina sahələri yaradıb.

Buna görə də Belarus ərazisindən mümkün hücum böyük itkilər olmadan həyata keçirilə bilməz. Alesinin qənaətinə görə, Lukaşenko birbaşa müharibəyə qoşulmaqdan daha çox Rusiyanın hərbi sifarişlərindən qazanc əldə edən tərəf kimi qalmağa üstünlük verir. Hərbi ekspertlər və kəşfiyyat qurumları da şimaldan yeni cəbhənin açılması riskinin qaldığını bildirsələr də, hazırda Belarus ərazisindən genişmiqyaslı hücum ehtimalını aşağı qiymətləndirirlər.

Seçilən
136
47
moderator.az

10Mənbələr