AZ

Vurun əmri verən və ölüm cinayəti hələ də açılmayan ukraynalı nazirlə görüş

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Bu postlarda hər dəfə bizi yerə yıxırlar, başımıza silah dirəyib elə yoxlayırlar. Demək olar hər gün risk edirik. Bir gün birinin əli tətiyə dəyib bizə nöqtə qoyacaq..." - deyə polşalı fotoqraf Stefane Ukrayna dilində deyinirdi. Baxmayaraq polyak dili Ukrayna dilinə çox yaxındır.

2022-ci ilin mart ayının sonları idi. Hələ də Kiyev və ətrafında nəinki ictimai nəqliyyat, heç taksi fəaliyyəti də bərpa olunmamışdı. Çünki paytaxtı getdikcə üzük qaşı kimi mühasirəyə alan Rusiya ordusu böyük təhlükə yaratmışdı. Bir sıra jurnalistlər, əsasən beynəlxalq mətbuatdan, avtomobillər kirayələyirdilər.

Həmin gün isə bir neçə jurnalist Kiyevin Nivki rayonunda yenicə vurulmuş ərazidən mərkəzə doğru piyada qayıdırdıq. Təxminən 7-8 kilometrlik yolumuz var idi...

Paytaxtda da ən uzağı hər bir kilometrdən bir blokpostlar qoyulmuşdu. Parolu bilməyən və ya görkəmi nabələd olan adamları sərt şəkildə yoxlayırdılar.

Bunlar barədə əvvəlki yazılarda misallar da çəkmişəm.

Müharibə o qədər qəfil və hazırlıqsız qarşılanmışdı ki, Ukraynada qonaq ilə düşməni müəyyən etmək olduqca çətin idi.

İndi də, mən, Türkiyədən və Polşadan olan həmkarlarım geri, mərkəzə doğru qayıdanda azı beş-altı belə post keçəcəkdik.

"Stefane haqlıdır, gəlin postlara yaxınlaşanda əllərimizi yuxarı qaldıraq", - deyə türkiyəli həmkarımın yerli videooperatoru təklif etdi.

"Elə bircə bu qalmışdı. Narahat olmayın, mənim başıma artıq bir neçə dəfə gəlib. Dərhal atəş açmırlar, sadəcə sərt yoxlayırlar", - deyə mən təklifə etiraz edib, onları sakitləşdirməyə çalışsam da, nədənsə, üşənib yaxamdakı "press" yapışqanını bir az yuxarı qaldırdım...

"Antonov" zavodu arxasında posta çatanda ətrafı beton və təkərlərdən olan posta yaxınlaşdıq. Bu dəfə bağırmadılar. Sakitcə gözlədilər.

Elə iki metr qalmışdı ki, bir anın içində dalbadal silah şaqqıltısı ilə beş altı nəfər hərbi və yarım hərbi formada təkərlərin arxasından sıçrayıb qarşımızı kəsib, üstümüzə gələrək yerə uzanmağı əmr etdilər. Hamımız dərhal və sakitcə əməl etsək də, polyak həmkarımız ya təlaşdan ya da əsəbdən bağırmağa başladı. Onun ayağının altına bir iki güllə atdılar. Hərbçilərdən aralarında olan bir qadın növbəti atəşi onun başına tuşlamağa hazırlaşanda, sanki bu, Stefaneni ayıltdı. Tez tappıltı ilə yerə uzandı və əlini başının arxasına qoydu. Yanakı, yerə uzanmış halda bunları seyr edirdim. Amma tək seyr etmirdim, heyrətdən donub qalmışdım...

Təxminən yarım saatlıq belə yoxlanışdan sonra bizi qaldırdılar, hətta üzrxahlıq edib buraxdılar. Bunlardan sonra bizi daha belə iki blokpost gözləyirdi. O postları da təxminən eyni qaydada keçdik...

Aradan təxminən bir ay keçdi. Artıq Rusiya ordusu Kiyev ətrafından çəkilib getmişdi. Paytaxtda həyat qismən axara düşmüşdü. Çoxdan müsahibə ilə bağlı etdiyim müraciətə də müsbət cavab gəlmişdi. Müsahibim həmin vaxt Ukraynanın daxili işlər naziri Denis Monastriskiy idi. Ukraynada daxili işlər naziri geniş səlahiyyətə malikdir. Belə ki, ona polis sistemindən savayı, milli qvardiya, sərhəd xidməti, miqrasiya, fövqəladə hallar kimi xidmətlər də tabedir.

Mosnatrskiy ilə geniş müsahibəmiz oldu. Bu, müharibənin başlanmasından iki ay sonraya təsadüf edirdi və bu müddətdə verdiyi ilk müsahibə idi. O, müsahibəsində qəfil müharibənin ilk günlərindəki xaosa nəzarətdən tutmuş, prezidentə sui-qəsd cəhdlərinə, diversiya qrupları ilə küçə döyüşlərinə qədər hər şeyə toxundu. Xeyli məsələlərdən, hətta həmin dövr üçün riskli olan mövzulardan danışdı.

Müsahibədən sonra ayaqüstü söhbətimizdə isə, verdiyi geniş izahdan sonra belə anladım ki həm Ukrayna, həm də bu ölkədəki mənim kimi qonaqlar yaşadığımız günlərin ciddiyyətini o qədər də fərq etməmişik.

- Yaxşı ki sağ qalmışıq.. - deyə mən nazirə yüngülcə reaksiya verəndə, o azacıq gülümsədi:

- Bəli. Və buna mən çox şadam. Amma anlayışla qarşılayın ki, durduğumuz yerdə nəinki qəfil böyük ordunun, hətta içəridə gözləmədiyimiz, kamuflyaj olmuş diversiya qruplarının hücumuna da məruz qala bilərdik. Bunun öhdəsindən gəlmək lazım idi. Bunun da yeganə çarəsi sərt olmaq idi...

- Yəni?

- Yəni şəxsən əmr vermişdim ki, şübhəli bilinib, şəxsiyyəti çətin müəyyənləşəni yerindəcə güllələsinlər.

- Belə çıxır ki, məsələn, məni Allah saxlayıb... - deyə blokpostlar ilə bağlı başıma gələnləri xatırladanda, nazir sözümü kəsdi:

- Bilirəm... Gəlin belə danışaq, siz də 30 il müharibə şəraitində yaşamısınız. Azərbaycanlılar üçün erməni diversantları müəyyən etmək o qədər də çətin deyil. Ən azı şalvarını, tumanını çıxarıb dininizin tələbləri sayəsində fiziki fərqlə bunu müəyyənləşdirə bilirdiniz. Amma biz necə edək? Bizə hücum edənlər də pravoslavdır, biz də... Məsələn, o da İvandır, mən də.. O da sarışındır, mən də.. Bunu sadalamaq mənim üçün çətindir...

O, söhbətimizdən də əvvəl müsahibə zamanı çox şeydən danışdı. Prezidentə sui-qəsd cəhdlərinin iki ayda (mart-aprel 2022) 250-dən çox olmasını, hakimiyyət içindəki ölkəyə qarşı satqınları və sair işarə verdi. Bunun ardınca bir ay sonra D.Monastrskiy mətbuata eyni tonda daha bir müsahibə verdi. Ardınca ona qarşı yerli mətbuatda müxtəlif iddialar səsləndi. Beş ay sonra isə, məlum olduğu kimi, Kiyevdən Xarkova uçmaq istəyərkən helikopter qəzasında həlak oldu... İndiyə qədər də qəzanın səbəbləri açıqlanmır...

Mübariz Aslanov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
baku.ws

1Mənbələr