AZ

Sürücü onu binaya buraxmayan mühafizəçini döydü – MƏHKƏMƏ

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İqbal Nəbiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilib.

 

İttihama görə, hadisə bu il paytaxtın Nizami rayonu ərazisində yerləşən binalarının birinin qarşısında baş verib.

 

Belə ki, İqbal Nəbiyev idarə etdiyi “Kia K3” markalı avtomobillə yaşadığı məhəlləyə daxil olmaq istəyib. Həmin vaxt binanın mühafizəçisi işləyən zərərçəkmiş Əmrah Kərəmov (adı, soyadı şərtidir) onun avtomobillə məhəlləyə daxil olmasına mane olub. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlədib və onu təhqir edib. Bundan əsəbiləşən İqbal Əmrahdan qisas almaq niyyəti ilə ona qarşı zor tətbiq edib. Təqsirləndirilən şəxs qəsdən yumruq zərbəsi ilə zərərçəkmiş şəxsin sinə nahiyəsinə bir dəfə vurub. Zərbənin təsiri nəticəsində Əmrah döş qəfəsi nahiyəsində hematoma xəsarəti alıb.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə yetirilmiş xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma kateqoriyasına aid edilib.

 

Toplanmış sübutlar və iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunub ki, təqsirləndirilən şəxs qəsdən zor tətbiq etməklə zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurub və bununla da Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədib.

 

Məhkəmədə elan olunub ki, tərəflər arasında barışıq əldə edilib.

 

Kamal Məmmədov

Tarix: 1 İyun 2026, 09:02   
Seçilən
45
pravda.az

1Mənbələr