Sosial şəbəkənin milli seqmentində birdən-birə yüzlərlə səhifədən eyni cür şəkillər boylanır: hamısında gərilmiş sifət, qıcanmış dişlər, alacalanmış gözlər, qırışmış alın, eymələnmiş ağız, düyülmüş yumruq...
Şəkillərdən hiddət və nifrət, hikkə və təkəbbür yağır. Bunlar bir jurnalistin çıxışı əks olunmuş videolardan kəsilib götürülmüş foto-fraqmentlərdir. Adamın hətta bu kadrları bu cür kəsib-götürənlərə acığı tutur: yəni danışan adamın bir normal bir kadrını tutmaq və onu kəsmək mümkün deyilmi? Məsələn, həlim baxış, gülümsər çöhrə-filan.
Elə anlaşılır ki, mümkün deyil. Jurnalist xanım çıxışının ilk saniyəsindən sona qədər repressiya dövrünün prokurorları kimi hədəf aldığı şəxsləri qamçılayır, pisləyir, yamanlayır. Heç olmasa bircə saniyəsi hirs-hikkəsiz deyil ki, məhz o saniyənin görüntüsü skrin-şot edilsin.
Çıxışın məzmunu da, Allah göstərməsin. Deyir, ağzımı açdırmayın, biədəb sözlər deyərəm. Özü də o bu sözü bir neçə yüz min adamı fahişə adlandırandan sonra dilə gətirir. Əcəb ədəbli ifadədir.
4-5 ay öncə o, bir neçə fürsətcil və tamahkar insana görə 1 milyon yaxın adamı hədəf taxtasına qoyanda dəstəkçiləri çox idi. Özü də o qədər çox idi ki, nişangaha alınmış şəxslər az qala xalqın yerdə qalan hissəsindən incik düşürdülər, öz aralarında deyirdilər, yəni bu ölkədə bizi bu qədər istəməyən, xor görən varmış. Dişlərini qıcayaraq sağa-sola hiddət, nifrət lavası püskürən qadın bir neçə günün içində “qəhrəman”, “sözün düzünü deyən aparıcı”, “doğruları danışan jurnalist” elan edilmişdi, tərfili epitetlər göydə uçuşurdu.
O zaman dünyagörmüş həmkarlarımızdan biri dedi ki, baxarsınız, bu qız bir müddətdən sonra başqa kateqoriyadan olan insanlar qrupunu söyəcək, onda hamı anlayacaq ki, haqsız yerə təhqir olunmaq nə deməkdir.
Budur, həmin zaman yetişib. Hazırda ona qarşı təhqiramiz ifadələr işlədənlərin bir xeylisi 3-4 ay öncə onu “xalqın qeyrətli qızı” adlandıranlardır.
Bu dəfə onu müdafiə edənlər azdır – barmaqla sayılacaq qədər. Mütləq çoxluq beyninə gələn pis sözləri dilinə gətirən, həm də olduqca nifrətamiz şəkildə, hikkəli səs tonuyla səsləndirən jurnalistə daha ağır sözlər ünvanlayırlar.
Beləcə, qıcanmış dişlərin polemikası davam edir. Ortadakı mübahisə predmeti isə deyiləsi deyil. Nə bu qara-qışqırıqla həmin məqsədə çatmaq olar, nə də xalqı təhqir etməklə onu o tələbdən vaz keçirmək.
Yenə statistiklər, sosioloqlar, iqtisadçılar qabağa durub ağlabatan şəkildə, dəlil və sübutlarla desələr ki, yox, indilikdə dövlətin bu boyda xərcin altına girməyə gücü çatmır, çox adam sakitləşər. Adamlar düşünər ki, doğrudan da işğaldan azad olunmuş rayonların bərpasına milyardlarla pul vəsaitinin getdiyi bir vaxtda o haqq-hesaba pul ayırmaq çətindir.
Yoxsa sən çıx, öz dövlətindən nəsə uman adamları yerlə bir et, ünvanlarına latayır söylə və sonra da gileylən ki, düz eləmirlər, məni söyürlər.
O adamlar o uşaqları özləri ilə yanaşı, həm də dövlət üçün, vətən üçün yekəldirlər. Sabah hərəsi bir əsgərdir, düşmən çəpəridir, millətə yeni-yeni övladlar böyüdəsi gələcək analardır. Bu gün potensial döl törədiciləri istehsalı dayandırsalar, sabah halımız necə olar? Heç nə. Millət olaraq, nəslimiz kəsilər, soyumuz quruyar.
Görmüş olarsınız, qardaş ölkənin lideri Ərdoğan tez-tez sağ əlinin iki barmağını qatlayıb, üçünü havaya qovzayır və yeni evlənən cütlüklərin boynuna sosialist öhdəliyi qoyur: “Sizdən üç çocuq istiyorum”. Ağsaqqal niyə belə deyir, bilirsiniz? Çünki hər ailədə 3 cocuq olmasa, millət artmaz. Artmasa, zəifləyər. Zəifləsə, yadellilərdən asılı vəziyyətə düşər, türkün sözü, egemenliyini itirər. Bu qədər sadə.
Gün gələcək, bizdə də dövlətlə Möhlət arasında belə bir dialoq olacaq: “3 uşaq lazımdır” - “Bizə biri bəsdir”. “İkinci və üçüncü uşağa görə ikiqat pul ödəyəcəyik” – “Qonşu ailəyə deyin”.
Özünü xalqa qarşı qoyub total nifrət qazanmaq məsələsinə gəlincə, 35 il öncə biri də vardı, prezident Mütəllibova yarınmaq üçün onun rəqibləri haqda təhqiramiz danışırdı, tez-tez “it hürər, karvan keçər”, “bütün heyvanların balası analarının dalınca gedir, yeganə eşşəyin balasıdır ki, onun qabağınca qaçır” tipli ifadələr işlədirdi. Adam belə danışa-danışa özünü rüsvay etdi, sözün əsl mənasında üzdənirağa çevrildi, adam içinə çıxmaz oldu, karyerası baltalandı, depressiyaya düşdü və bir gün xəbər gəldi ki, özünü hündürlükdən ataraq intihar edib.
P.S. Dünya köhnə dünyadır, xalqla üz-göz olub nifrət qazananlar təzədir.