AZ

Bakıda məşhur restoranın zirzəmisində DAVA - Məhkəmə qərar verdi

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Razim Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 
Moderator.az "Pravda"ya istinadən xəbər verir ki, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə, o, Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 100 manat məbləğində cərimə cəzasına məhkum edilib.
 
İttihama görə, hadisə bu il paytaxtın Nizami rayonu ərazisində yerləşən "Xarı Bülbül" restoranının zirzəmisində baş verib. Həmin vaxt restoranda ofisiant köməkçisi kimi çalışan Razim Məlikov ilə eyni müəssisədə işləyən zərərçəkmiş Habil Tağıyev (adı, soyadı şərtidir) arasında mübahisə yaranıb. Mübahisəyə səbəb zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlətməsi olub. Qarşılıqlı gərginlik fonunda yaranan münaqişə zamanı Razim əsəbiləşərək Habildən qisas almaq niyyəti ilə ona qarşı zor tətbiq edib.
 
Belə ki, təqsirləndirilən şəxs zərərçəkənin sifət və baş nahiyələrinə yumruq zərbələri endirib. Nəticədə Habil müxtəlif bədən xəsarətləri alıb.
 
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsdə sağ təpə nahiyəsinin şişkinliklə müşayiət olunan əzilməsi, alın nahiyəsinin şişkinlik halında əzilməsi və sıyrıqları, sol almacıq, sol gözüstü və sol alın nahiyələrinin sıyrıqları, burun beli və boyun nahiyəsində sıyrıqlar, həmçinin sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol almacıq nahiyəsinin şişkinlik halında əzilməsi müəyyən edilib.
 
Məhkəmə istintaqı zamanı Razim Məlikov ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində deyib ki, "Xarı Bülbül" restoranında ofisiant köməkçisi vəzifəsində çalışır. Hadisə günü Habil onun ünvanına nalayiq ifadələr işlədib və bu səbəbdən aralarında mübahisə yaranıb. Təqsirləndirilən şəxs etiraf edib ki, əsəblərinə hakim ola bilməyərək zərərçəkmiş şəxsə yumruq zərbəsi endirib.
 
O, məhkəmədə əməlindən səmimi peşman olduğunu bildirib, zərərçəkmiş şəxsdən üzr istədiyini vurğulayıb və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edib.
 
Seçilən
18
1
moderator.az

2Mənbələr