Ermənistanda keçirilən seçkilər təkcə bu ölkənin daxili siyasi həyatı üçün deyil, bütün Cənubi Qafqaz regionunun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Seçkinin əsas rəqibləri olan Nikol Paşinyan və Robert Koçaryan fərqli siyasi istiqamətləri təmsil edirlər.
Paşinyan son illərdə özünü daha çox Avropa ilə əməkdaşlığa açıq, Ermənistanın gələcəyini regional sülh və iqtisadi inteqrasiyada görən siyasətçi kimi təqdim edib. O, dəfələrlə Qarabağ münaqişəsinin hərbi mərhələsinin başa çatdığını və regionda yeni reallıqların yarandığını bildirib.
Koçaryan isə ənənəvi olaraq Rusiyaya yaxın siyasətçi kimi tanınır. O, seçki kampaniyasında daha çox keçmişə söykənən, Qarabağ məsələsini yenidən gündəmə gətirən və xüsusilə Qarabağ ermənilərinin emosiyalarına hesablanan şüarlar səsləndirib. Bu seçkilər əslində Ermənistan cəmiyyətinin qarşısında duran əsas suala cavab axtarışıdır: ölkə keçmiş qarşıdurmalar siyasətinə qayıdacaq, yoxsa yeni regional reallıqlara uyğun inkişaf yolunu seçəcək?
Ermənistan seçkilərində diqqət çəkən məqamlardan biri də xarici güclərin prosesə münasibətidir. Bir tərəfdə Ermənistanın Avropa ilə münasibətlərinin genişlənməsini istəyən qüvvələr, digər tərəfdə isə regionda ənənəvi təsir imkanlarını qorumağa çalışan Rusiya dayanır. Paşinyanın hakimiyyətdə qalması Avropa ilə münasibətlərin müəyyən qədər inkişafına şərait yarada bilər. Lakin Ermənistanın təhlükəsizlik və iqtisadi sisteminin böyük hissəsinin hələ də Rusiyadan asılı olması bu prosesi mürəkkəbləşdirir. Koçaryanın tərəfdarları isə hesab edirlər ki, Moskva ilə daha sıx əməkdaşlıq Ermənistanın maraqlarına uyğundur. Məhz buna görə də seçki kampaniyası dövründə Rusiyada yaşayan ermənilərin Koçaryana açıq dəstək verməsi diqqətdən yayınmadı. Ancaq istənilən halda nə Avropa, nə də Rusiya Ermənistanın daxili problemlərini onun əvəzinə həll edə bilməz. Son nəticədə Ermənistan xalqı öz gələcəyini özü müəyyən etməlidir.
Müşahidə olunan mənzərə göstərir ki, seçkinin əsas favoriti Nikol Paşinyandır. Bununla belə, seçkinin nəticəsindən asılı olmayaraq regionun qarşısında duran əsas vəzifə uzunmüddətli sülhün təmin edilməsidir.
Bəzi siyasi müşahidəçilərin fikrincə, Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi regionda tarixi və ərazi məsələlərinin yenidən müzakirə predmetinə çevrilməsinə səbəb ola bilər. Xüsusilə də XX əsrin əvvəllərində Zəngəzurun Ermənistana verilməsi ilə bağlı qərar (30 Noyabr 1920, 106 il bundan öncə Azərbaycanın Zəngəzur ərazisi Moskvanın tələbi ilə Sövet Ermənistanına verilmişdir ) tarixçilər arasında bu gün də mübahisəli mövzulardan biri olaraq qalır.
Ermənistanın gələcək siyasi kursu yalnız İrəvan üçün deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyi üçün mühüm əhəmiyyət daşıyır. Revanşizmə əsaslanan siyasət yeni risklər yarada biləcəyi halda, qarşılıqlı ərazi bütövlüyünün tanınması və sülh gündəliyi regionun inkişafı üçün daha real perspektiv hesab olunur.
Tarix göstərir ki, Cənubi Qafqazda sabitlik yalnız beynəlxalq hüquqa hörmət, dövlətlərin ərazi bütövlüyünün tanınması və qarşılıqlı əməkdaşlıq yolu ilə mümkündür. Azərbaycan Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda regionda davamlı sülhün və iqtisadi inkişafın tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Ermənistan seçkilərinin nəticəsi təkcə bir ölkənin siyasi kursunu deyil, həm də regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək mühüm amillərdən biri olacaq. Tarixin bu mərhələsində ən böyük qələbə yeni müharibə deyil, davamlı sülhün qazanılmasıdır.
Səftər Rəhimli