AZ

"Uşaq hüquqları hər gün qorunmalı, müdafiə olunmalı və bu sahədə davamlı addımlar atılmalıdır" - Məleykə Əlizadə

"Dünyada yaşayan bütün uşaqların hüquqları BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasında təsbit olunmuşdur, o cümlədən Azərbaycanda yaşayan uşaqlar".

Bu fikirləri "Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə QHT.az-a açıqlamasında bildirib.

Məleykə Əlizadə bildirib ki, bu tarix simvolik olaraq bir gün qeyd olunsa da, uşaqların müdafiəsi davamlı vacibdir: "1 iyun - Beynəlxalq Uşaqların Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Əlbəttə ki, bu tarix simvolik olaraq ildə bir dəfə qeyd edilir. Lakin uşaq hüquqları hər gün qorunmalı, müdafiə olunmalı və bu sahədə davamlı addımlar atılmalıdır"

Sədr vurğulayıb ki, uşaqlar cəmiyyətin gələcəyidir və hər birinin öz hüququ var: "Uşaqlar cəmiyyətin gələcəyidir, gələcək nəsildir və dünyaya gələn hər bir uşağın öz hüquqları vardır.

Onun fikrincə, sosial təminat və təhsil uşaqlar üçün əsas hüquqlardandır: "Dünyaya gələn hər bir uşağın sosial təminat hüququ olmalıdır və bu təminat ən yüksək səviyyədə həyata keçirilməlidir. Uşaq hüquqları deyəndə ilk növbədə onların təhsil hüququ göz önünə gəlir. Çünki dünyaya gəldikdən bir müddət sonra uşaqlar məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmalı və burada hərtərəfli təhsil imkanları ilə təmin edilməlidirlər".

M.Əlizadə qeyd edib ki, təhsil uşaqların inkişafında mühüm rol oynayır: "Uşaqlar orta məktəbdə təhsil almaq hüququna malikdirlər və bu hüquqdan maksimum şəkildə istifadə etməlidirlər. Onların orta təhsil alması üçün bütün lazımi imkanlar yaradılmalıdır. Bu gün dünyada, o cümlədən Azərbaycanda bu istiqamətdə böyük islahatlar aparılır, təhsil islahatları həyata keçirilir və uşaqların bacarıqlı olması, özünü inkişaf etdirməsi və lazımi bilik və bacarıqlar əldə etməsi üçün orta təhsil çox vacib rol oynayır. Burada həm şəxsi inkişaf, həm də peşəkar inkişaf üçün bütün imkanlar yaradılmalıdır".

Məleykə Əlizadə ali təhsilin önəmini də vurğulayıb: "Növbəti isə ali təhsil almaq hüququ və ya hər hansı peşə təhsili almaq hüququdur. Uşaqlar bu imkanlardan maksimum istifadə etməlidirlər".

O söyləyib ki, sağlamlıq hüquqları da çox mühümdür: "Uşaqların sağlamlıq hüquqları da xüsusi əhəmiyyət daşıyır. Uşaqlar dünyaya gəldikləri ilk gündən onların tibbi kartları olmalıdır və müasir dövrdə tibbi sığorta sistemi vasitəsilə onların sağlam böyüməsi təmin edilməlidir. Uşaqlar sağlamlıq hüquqlarından da tam şəkildə istifadə etməlidirlər".

Sədr uşaqların təhlükəsiz istirahət imkanlarından danışıb: "Eyni zamanda uşaqların istirahət etmək hüquqları vardır. Onların istirahəti üçün yaxşı, mükəmməl və təhlükəsiz istirahət məkanları olmalıdır ki, uşaqlar bu hüquqlarını reallaşdıra bilsinlər".

Eyni zamanda vurğulayıb ki, uşaqların təhlükəsizliyi məsələsi daha da aktuallaşır: "Bu gün dünya inkişaf etdikcə, xüsusilə rəqəmsal dünya inkişaf etdikcə, uşaqların təhlükəsizliyi məsələsi daha da aktuallaşır. Biz övladlarımızın təhlükəsizliyini təmin etmək üçün onları daim diqqətdə saxlamalıyıq. Bu, həm dövlətin, dövlət qurumlarının birbaşa vəzifəsidir, həm də ailənin və valideynlərin mənəvi borcudur".

“Təəssüf ki, uşaqların kibertəhlükələrlə üzləşməsi ciddi problemdir. Uşaqlar kibercinayətkarların qurbanına çevrilərək rəqəmsal mühitdə və sosial şəbəkələrdə müxtəlif təhlükələrlə qarşılaşırlar”, – deyə o vurğulayıb.

M.Əlizadə uşaq evlilikləri kimi hüquq pozuntuları ilə bağlı narahatlığını da qeyd edib: "Çox təəssüf ki, dünya inkişaf etsə də, bu gün bir çox ölkələrdə, o cümlədən Azərbaycanda uşaq evliliyi kimi hallar hələ də mövcuddur. Bu da uşaqların hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olur".

O bildirib ki, dövlət qurumları bu sahədə aktiv fəaliyyət göstərir: "Mən istərdim ki, uşaqlarımızın sağlam, xoşbəxt, təhsilli və savadlı böyüməsi üçün bütün lazımi imkanlar həyata keçirilsin. Məsələn, beynəlxalq təşkilatlardan biri olan UNICEF uşaqların hüquqlarının qorunması sahəsində çox böyük layihələr həyata keçirir və bu istiqamətdə Azərbaycanda da fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir ki, bu qurum dövlətin uşaqlarla bağlı prioritetlərini həyata keçirən əsas strukturlardan biridir. Bundan başqa, Azərbaycanda kifayət qədər uşaq hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilatları da mövcuddur və onlar uşaqların maarifləndirilməsi istiqamətində layihələr həyata keçirirlər".

Sədr əlavə edib ki, yeni doğulan uşaqlar üçün geniş sosial təminat vacibdir: "Mənim fikrimcə, uşaq doğulduğu ilk gündən etibarən geniş sosial təminatla təmin olunmalıdır. Bundan əlavə, məktəbəqədər təhsil müəssisələrində uşaqların təhsil alması üçün bütün imkanlar yaradılmalıdır. Uşaqlar müəyyən yaşa çatdıqda bu müəssisələrə getmək hüququndan tam istifadə etməlidirlər".

Sədr sonda erkən təhsil və maarifləndirmənin müsbət hal olduğunu söyləyib: "Uşaqların təhsil almaq hüququ ilk addımlarından etibarən qorunmalı, təhlükəsizlikləri maksimum təmin edilməlidir. Eyni zamanda uşaqlar üçün maarifləndirmə işləri aparılmalıdır ki, onlar öz təhlükəsizliklərini təmin etmək bacarıqlarına sahib olsunlar və gələcək həyatlarını düzgün formalaşdıra bilsinlər".

Fatimə Nəbiyeva

Seçilən
58
qht.az

1Mənbələr