AZ

Çin strateji əhəmiyyətli sahələrdə fəaliyyət göstərən şirkətlərin biznes və əməkdaşlarını xaricə köçürməyi qadağan edib

Çin hökuməti xarici investisiya əməliyyatları üzərində nəzarəti gücləndirən yeni qaydalar qəbul edib. Reuters-in yazdığına görə, məhdudiyyətlər Çin investorlarının iştirak etdiyi xarici sövdələşmələrə, həmçinin texnologiyalar, məlumatlar və milli təhlükəsizlik sahələrinə şamil olunur.

Yeni qaydalar 1 iyul 2026-cı ildən qüvvəyə minəcək.

Əsas müddəalardan biri yeni məhdudiyyətlərə düşən Çin malları, xidmətləri və məlumatlarının ixracı üçün xüsusi icazənin alınması tələbidir. Lakin hansı malların, xidmətlərin və məlumatların bu kateqoriyaya aid olduğu açıqlanmayıb.

Qaydalar həmçinin Çinin strateji əhəmiyyətli hesab etdiyi sahələrdə çalışan əməkdaşların müvafiq icazə olmadan xaricə köçürülməsini qadağan edir. Bu sahələrə süni intellekt də daxildir.

Reuters Manus şirkətini nümunə göstərir. Şirkət Meta ilə birləşmədən əvvəl əməkdaşlarının bir hissəsini Çindən Sinqapura köçürmüşdü.

Bundan əlavə, Çin Nazirlər Kabineti milli təhlükəsizliyə təsir göstərə biləcək xarici investisiyaları və Çin şirkətlərinin aktivləri ilə bağlı sövdələşmələri yoxlamaq səlahiyyəti əldə edir.

Hökumət investorlardan səhmlərini satmağı və ya investisiyalarını dayandırmağı da tələb edə biləcək.

Yeni qaydalara əsasən, Çin hakimiyyəti xarici ölkələr Çin investisiyalarına məhdudiyyət tətbiq etdiyi halda həmin ölkələrin şirkətlərinin Çinlə ticarətini qadağan etmək hüququna da malik olacaq.

Məsələn, ABŞ hər hansı Çin şirkətinə qarşı sanksiyalar tətbiq edərsə, Pekin cavab olaraq Amerika şirkətinin Çin şirkətini satın almasını qadağan edə bilər.

Məhdudiyyətlərin elan olunması Meta-nın Çin süni intellekt startapı Manus-u almaq cəhdinin bloklanması fonunda baş verib.

Sövdələşmə 2025-ci ilin sonunda bağlanmışdı və onun dəyərinin təxminən 2 milyard dollar olduğu bildirilirdi. Bloomberg-in məlumatına görə, 2026-cı ilin aprel ayına qədər Manus investorları vəsaitlərini almış, startapın komandası isə Meta-ya qoşulmuşdu.

Lakin sonradan Çin tənzimləyiciləri sövdələşməni araşdırmağa başlayıblar. 2026-cı ilin martında Manus-un baş direktoru Xiao Hong və baş elmi işçisi Ji Yichao üçün ölkədən çıxış qadağası tətbiq olunub.

Aprelin 27-də isə Çinin Milli İnkişaf və İslahat Komissiyası sövdələşmənin ləğv edilməsinə göstəriş verib. Bundan sonra, The Wall Street Journal-ın məlumatına görə, Meta Manus-un satın alınmasından imtina edib.

Seçilən
16
banker.az

1Mənbələr