AZ

Aydın Hüseynov: İşğaldan azad olunmuş ərazilərin aqrar potensialı Azərbaycanın iqtisadi inkişafına yeni töhfələr verəcək

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 1 iyun, AZƏRTAC

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları zəngin təbii ehtiyatları, münbit torpaqları, əlverişli iqlim şəraiti və geniş su resursları ilə Azərbaycanın kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq strateji ərazilərdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasılnda Milli Məclisin deputatı Aydın Hüseynov səsləndirib. Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur qısa müddətdə ölkənin ən böyük investisiya və inkişaf məkanlarından birinə çevrilib. Onun sözlərinə görə, regionda yaradılan müasir infrastruktur, tikilən yollar, enerji və kommunikasiya xətləri, həmçinin həyata keçirilən sosial layihələr kənd təsərrüfatının inkişafı üçün möhkəm zəmin formalaşdırır: “Uzun illər işğal altında qalmış torpaqların yenidən iqtisadi dövriyyəyə qaytarılması Azərbaycanın aqrar sektorunun genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda yüz minlərlə hektar əkinəyararlı torpaq sahəsi mövcuddur ki, bu da kənd təsərrüfatı istehsalının əhəmiyyətli dərəcədə artırılmasına imkan verir. Həmin ərazilərdə taxılçılıq, üzümçülük, bağçılıq, tərəvəzçilik, yemçilik, arıçılıq və heyvandarlıq kimi sahələrin inkişafı üçün əlverişli şərait mövcuddur”.

Deputat vurğulayıb ki, xüsusilə Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarının təbii otlaq və yaylaq sahələri heyvandarlığın inkişafı üçün böyük imkanlar yaradır: “Bu ərazilərdə yüksək məhsuldarlığa malik heyvandarlıq təsərrüfatlarının yaradılması həm daxili bazarın keyfiyyətli ət və süd məhsulları ilə təmin olunmasına, həm də ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq”.

Onun sözlərinə görə, Qarabağ bölgəsi tarixən Azərbaycanda üzümçülük və bağçılığın inkişaf etdiyi əsas mərkəzlərdən biri olub: “Hazırda həmin ənənələrin yenidən bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Müasir aqrotexniki yanaşmaların tətbiqi ilə burada yüksək məhsuldarlığa malik meyvə bağlarının və üzüm plantasiyalarının salınması nəzərdə tutulur. Bu isə həm kənd təsərrüfatı məhsullarının istehsalının artmasına, həm də emal sənayesinin inkişafına təkan verəcək”.

Aydın Hüseynov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması aqrar sektorun inkişafı üçün də mühüm üstünlüklər yaradır: “Günəş, külək və su enerjisi potensialından istifadə etməklə kənd təsərrüfatı istehsalında enerji təminatının daha səmərəli təşkili mümkün olacaq. Bu yanaşma həm istehsal xərclərinin azalmasına, həm də ekoloji dayanıqlılığın təmin edilməsinə xidmət edir. Bölgədə tətbiq olunan “ağıllı kənd” konsepsiyası kənd təsərrüfatında rəqəmsal texnologiyaların geniş tətbiqinə imkan yaradır. Ağıllı suvarma sistemləri, peyk müşahidələri, elektron idarəetmə mexanizmləri və innovativ aqrotexnologiyalar məhsuldarlığın artırılmasına, su və digər resurslardan səmərəli istifadəyə şərait yaradır. Bu isə Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın ən müasir kənd təsərrüfatı zonalarından birinə çevriləcəyini göstərir”.

A.Hüseynovun sözlərinə görə, bölgədə aqroparkların, logistika mərkəzlərinin və kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılması əlavə dəyər zəncirinin formalaşmasına xidmət edəcək: “İstehsaldan satışa qədər bütün mərhələlərin vahid sistem üzrə təşkili fermerlərin gəlirlərinin artmasına və məhsulların rəqabət qabiliyyətinin yüksəlməsinə imkan verəcək. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı məcburi köçkünlərin doğma torpaqlarına qayıdış prosesini də sürətləndirəcək. Yeni iş yerlərinin açılması, müasir yaşayış məntəqələrinin qurulması və iqtisadi fəaliyyət imkanlarının genişləndirilməsi bölgədə dayanıqlı məskunlaşmanın təmin edilməsində mühüm rol oynayacaq. Bu proses həm də regionların sosial-iqtisadi inkişafına, əhalinin rifah səviyyəsinin yüksəlməsinə və ölkənin ümumi iqtisadi potensialının güclənməsinə töhfə verəcək”.

Aydın Hüseynov əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurun aqrar resurslarının inkişaf etdirilməsi Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, qeyri-neft sektorunun inkişafına və ixrac imkanlarının genişlənməsinə mühüm təsir göstərəcək: “Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu ərazilər yaxın illərdə regionun ən müasir və məhsuldar kənd təsərrüfatı mərkəzlərindən birinə çevriləcək, Azərbaycanın dayanıqlı inkişaf strategiyasına mühüm töhfələr verəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
azertag.az

2Mənbələr