Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Bakı Enerji Həftəsinin iştirakçılarına məktub ünvanlayıb.
KONKRET.az bildirir ki, Ərdoğanın mesajını Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.
Ərdoğan bildirib ki, regionda baş verən hadisələr Azərbaycanla enerji sahəsində atılan addımların nə qədər düzgün və uzaqgörən olduğunu bir daha nümayiş etdirir. O qeyd edib ki, bir vaxtlar region üçün xəyal hesab olunan bir sıra meqalayihələr Azərbaycanla birgə uğurla həyata keçirilib və bu istiqamətdə əməkdaşlıq davam edir.
Türkiyə Prezidenti Azərbaycanla başladılan və dost ölkə Gürcüstanın dəstəyi ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəməri layihələrini xüsusi vurğulayıb. O, həmçinin “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələri çərçivəsində əməkdaşlığın daha da dərinləşdiyini qeyd edib.
Ərdoğan Türkiyə və Azərbaycanın “Şafaq-Asiman” yatağı üzrə yeni tərəfdaşlığının iki ölkə arasında əməkdaşlığın fasiləsiz davam etdiyinin növbəti sübutu olduğunu bildirib.
“Ötən il istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təchizatının təhlükəsizliyini daha da möhkəmləndirib. Türkiyə ilə Azərbaycan arasında elektrik enerjisi bağlantıları strateji əhəmiyyət daşımağa davam edir. Ümid edirik ki, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında “Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti” layihəsinin həyata keçirilməsi regionumuzun enerji təhlükəsizliyinə mühüm töhfə verəcək”, – deyə mesajda qeyd olunub.
Türkiyə Prezidenti əlavə edib ki, ötən ilin avqust ayında Türkiyə-Azərbaycan birgə təşəbbüsü nəticəsində Suriyaya qaz tədarükünün başlanması bu ölkənin inkişafına və regional təhlükəsizliyə mühüm töhfə verir.
“Türkmən qazının Azərbaycan və Türkiyə üzərindən ixracı istiqamətində əməkdaşlığımızı genişləndirmək üçün böyük imkanlar mövcuddur. Eyni zamanda, Qazaxıstanın təbii ehtiyatlarının Qərb bazarlarına çatdırılmasında Bakı-Tbilisi-Ceyhan boru xəttindən istifadənin artdığını müşahidə edirik”, – deyə Ərdoğan vurğulayıb.
Ərdoğan qeyd edib ki, Türkiyə bərpaolunan və yaşıl enerji də daxil olmaqla enerji sektorunun bütün istiqamətlərində səmərəlilik və ətraf mühitə hörmət prinsiplərini əsas götürən bir baxışa sahibdir.
“Qlobal iqlim fəaliyyətində öncül və nümunəvi ölkələrdən biri olmaq əzmimizi bu il 9–20 noyabr tarixlərində Antalyada ev sahibliyi edəcəyimiz COP31 Zirvəsi ilə daha da gücləndirəcəyik. Bu fikirlərlə Bakı Enerji Həftəsinin ölkələrimiz və regionumuz üçün faydalı olmasını arzulayıram”, – deyə Türkiyə Prezidenti mesajını yekunlaşdırıb.