
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin olmaması halında ölkənin xarici siyasətində balanssızlıq vəziyyətinin yaranacağını, əlaqələri normallaşdırmağın isə ölkəsi üçün yeni imkanlar açacağını qeyd edib.
AFN.az xəbər verir ki, Ermənistanın rəsmi xəbər agentliyi "Armenpress"in yaydığı məlumata görə, Paşinyan sosial media hesabında paylaşdığı videomüraciətində hökumətin xarici siyasəti ilə bağlı qiymətləndirmələr aparıb.
Baş nazir Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq hədəfinə çatacaqlarına əminliyini ifadə edərək, bunun balanslaşdırılmış xarici siyasətin tam formalaşması mənasına gələcəyini və Ermənistanın yeni keyfiyyətli bir dövlətə çevrilməsi üçün yeni fürsətlər yaradacağını vurğulayıb.
Ermənistanın Türkiyə ilə münasibətlərinin olmaması vəziyyətində xarici siyasətdə bir tərəfli balanssızlığın yaranacağına işarə edən Paşinyan "Türkiyə ilə əlaqələrimiz yoxdursa, bu, tərəzinin bir gözünün boş olması deməkdir" ifadəsini işlədib.
O, bu yanaşmanın sadəcə bir həvəs olmadığını, Ermənistanın Türkiyə, Azərbaycan və digər bütün dövlətlərlə mütləq münasibətlərinin qurulmalı olduğunu diqqətə çatdırıb.