AZ

Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev Litvanın Vilnüs şəhərində keçirilən Avropa Toksikoloji Mərkəzlər və Klinik Toksikoloqlar Assosiasiyasının (EAPCCT) 46-cı Beynəlxalq Konqresində iştirak edib.
Dünyanın 61 ölkəsindən 500-dən çox əyani iştirakçının qatıldığı beynəlxalq konqresdə klinik toksikologiyanın aktual məsələləri, yeni növ narkotik vasitələr və psixoaktiv maddələrlə bağlı çağırışlar, peşə intoksikasiyalarının profilaktikası, dərman vasitələrinin arzuolunmaz təsirlərinə nəzarət, zəhərlənmələrin diaqnostikası və müalicəsində müasir yanaşmalar geniş müzakirə olunub.
Konqres çərçivəsində dosent İsmayıl Əfəndiyev müvafiq sahələr üzrə ölkəmizin təcrübəsini bölüşüb, təqdimatlarla çıxış edib və müxtəlif ölkələrdən olan mütəxəssislərlə fikir mübadiləsi aparıb.
Beynəlxalq tədbirdə əldə olunan bilik və təcrübə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən göstərilən xidmətlərin inkişafına, gömrük əməkdaşları arasında narkotik vasitələrin və psixoaktiv maddələrin istifadəsinin aşkarlanması məqsədilə aparılan skrininq müayinələrinin təkmilləşdirilməsinə, gömrük əməkdaşları üçün yeni növ narkotik vasitələr, psixoaktiv maddələr və onların prekursorları barədə davamlı maarifləndirici tədbirlərin mövzularının yenilənməsinə, müvafiq metodiki vəsaitlərin hazırlanmasına, nəticə etibarilə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasına töhfə verəcək.

Seçilən
25
1
sia.az

2Mənbələr