Krımda mayın 30-dan etibarən AI-95 markalı benzinin satışı məhdudlaşdırılıb.
"Cebheinfo.az" xəbər verir ki, bir nəfərə gün ərzində yalnız bir dəfə və maksimum 20 litr benzin satılır. Yanacaq olan yanacaqdoldurma məntəqələrinin ünvanları regionun Yanacaq və Energetika Nazirliyinin rəsmi internet saytında dərc olunub.
Krım sakinlərinə müraciətdə bildirilib: “Vətəndaşlardan ehtiyaclarından artıq benzin almamalarını və avtomobillərinə adi qaydada yanacaq doldurmalarını xahiş edirik”.
Sevastopol qubernatoru Mixail Razvojayev isə şəhərdə AI-92 və AI-95 markalı benzinlərin müvəqqəti olaraq mövcud olmadığını, yeni yanacaq partiyasının gözlənildiyini açıqlayıb. Razvojayev yaranmış problemin səbəbini “məlum səbəblərdən qaynaqlanan logistika çətinlikləri” ilə izah edib. Sevastopolda yanacaqdoldurma məntəqələrində uzun avtomobil növbələri yaranıb.
“ForPost” xəbər portalının baş redaktor müavini Sergey Abramov vəziyyəti “sabit şəkildə gərgin” adlandırıb. Onun sözlərinə görə, səhər saat 11:00-da bərpa olunacağı gözlənilən AI-95 benzininin satışı ya ümumiyyətlə başlamayıb, ya da çox məhdud sayda məntəqədə və qısa müddət ərzində həyata keçirilib.
Yerli söhbət qruplarında sakinlər haradan benzin ala biləcəklərini soruşur, bəziləri isə heç olmasa yanacaqdoldurma məntəqəsinə çata bilmək üçün 10 litr benzin axtardıqlarını yazırlar.
Böyük yanacaqdoldurma şəbəkələrindən biri olan ATAN-ın onlayn izləmə sisteminə görə, əksər məntəqələrdə AI-95 markalı benzin ya tükənib, ya da yalnız talonla satılır.
Yerli medianın məlumatına görə, Sevastopoldan kənarda, xüsusilə Krım körpüsünə yaxın ərazilərdə AI-92 və AI-95 markalı benzin tapmaq hələ də mümkündür və həmin məntəqələrdə uzun növbələr müşahidə olunmur. Səlahiyyətli qurumlar vətəndaşları təşvişə düşərək yanacaq ehtiyatı toplamamağa çağırır.