Şirkətin yeni texnologiyasının süni intellekt alətlərinin bulud xidmətlərindən asılı olmadan cihazlarda işləməsinə imkan yaradacağı bildirilib...
Poliqon xəbər verir ki, Reuters Agentliyinin məlumatına görə, Nvidia şirkəti süni intellekt texnologiyalarının birbaşa noutbuk və fərdi kompüterlərdə istifadəsini genişləndirməyə hesablanmış yeni RTX Spark PC çipini təqdim edib.
Məlumata görə, Nvidia şirkətinin baş icraçı direktoru Censen Huanq Tayvanda keçirilən konfrans zamanı bildirib ki, yeni çip Nvidia və Microsoft şirkətlərinin üç il davam edən əməkdaşlığının nəticəsidir və “süni intellekt dövrü üçün fərdi kompüterlərin yenidən düşünülməsi” təşəbbüsünün bir hissəsi hesab olunur.
Huanqın sözlərinə görə, RTX Spark PC çipi süni intellekt agentlərinin yalnız bulud hesablama sistemləri vasitəsilə deyil, birbaşa cihaz daxilində, lokal formada işlədilməsinə imkan yaradacaq.
“Bu təşəbbüs süni intellekt dövründə fərdi kompüterlərin yenidən formalaşdırılmasına yönəlib”, deyə Censen Huanq bildirib.
Reuters agentliyi qeyd edib ki, sənaye ekspertləri yeni çipin istifadəçilərin süni intellektlə qarşılıqlı əlaqə üsulunu köklü şəkildə dəyişdirə biləcəyini düşünür. Bildirilir ki, texnologiya məlumatların emalını cihaz daxilində həyata keçirməklə sürəti artırmaq, gecikmələri azaltmaq və bəzi hallarda məxfilik səviyyəsini yüksəltmək potensialına malikdir.
Poliqon.info