Bakı, 1 iyun, AZƏRTAC
Biz enerji səmərəliliyi üçün mühüm dəyişiklər edərək, avadanlıq və mühərriklərin yenilənməsinə nail olaraq işimizi davam etdiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”) çərçivəsində təşkil olunan “Upstrem əməliyyatlarında emissiyaların azaldılması: praktik yanaşmalar - metan emissiyasının azaldılması, elektrikləşdirmə və dərhal təsir göstərən əməliyyat səmərəliliyinin artırılması" mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həyata keçirilən tədbirlərin nəticəsi olaraq metan emissiyasının 65 faiz azaldılmasına nail olunub.
“Hazırda enerji səmərəliliyin təmin olunması üzrə işləri davam etdiririk və 10 il sonra böyük enerji şirkətinə çevrilməyi planlaşdırırıq. Dekorbanizasiyanı hələlik tam olaraq reallaşdırmaq mümkün deyil, bu çox çətin məsələdir. Lakin bunun öhdəsindən gəlmək üçün metan emissiyasının daha da azaldılmasına çalışırıq”, - deyə vitse-prezident nəzərə çatdırıb.