AZ

Hazırki bazar şəraitində ev almaq daha sərfəlidir, yoxsa kirayədə qalmaq? - EKSPERT AÇIQLADI

Bakıda mənzil bazarında qiymətlərin artması ev sahibi olmaq istəyənlərin qərar verməsini daha da çətinləşdirib. Bir tərəfdən uzun illər ipoteka ödəyərək öz mənzilinə sahib olmaq arzusu, digər tərəfdən isə kirayədə qalaraq vəsaiti başqa sahələrə yönəltmək seçimi var. hər iki variantın üstün və riskli tərəfləri mövcuddur və seçim ailələrin maliyyə imkanlarından asılı olaraq dəyişir. Bəs indiki şəraitdə hansı yol daha sərfəli və daha təhlükəsiz hesab oluna bilər? Hazırkı bazar şəraitində ev almaq daha sərfəlidir, yoxsa kirayədə qalmaq? İpoteka ödənişləri ilə kirayə xərclərini müqayisə etdikdə hansı üstün görünür?

Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, 2018–2019-cu illərdən etibarən əmlak bazarında qiymət artımı davam edir:

“Əsasən də bu qiymət artımı ipotekaya yararlı, yəni ipoteka predmetinə çevrilə bilən mənzillərdə daha kəskin müşahidə olunur. Digər kateqoriyalı əmlaklarla müqayisədə bu tip mənzillərin qiyməti daha sürətlə artır.

İpotekaya yararlı mənzillərin qiymətinin daha sürətlə artmasının əsas səbəbi bu əmlaklara tələbin yüksək olması və həmin kateqoriyaya aid mənzillərin sayının məhdud olmasıdır. Çünki ipotekaya yararlı mənzillər əsasən yeni tikili binalardakı mənzillər və Sovet dövrünün son illərində, xüsusilə 1970-ci illərdən sonra tikilmiş doqquzmərtəbəli binalardakı mənzillərdir. Bu mənzillər banklar tərəfindən girov predmeti kimi qəbul edildiyi üçün onlara maraq daha çoxdur və nəticədə qiymətləri digər kateqoriyalara nisbətən daha sürətlə artır.

Müqayisə etsək, əlbəttə ki, mənzil almaq kirayədə qalmaqdan daha sərfəli hesab oluna bilər. Çünki əmlak bazarında hər il müəyyən faizlə qiymət artımı müşahidə olunur. Bu da onu deməyə əsas verir ki, bu gün 300 min manata alınan mənzil gələn il 310–315 min manat dəyərində ola bilər.

Yəni hər il müəyyən faiz dərəcəsində qiymət artımı müşahidə edilir. Ona görə də istər ipoteka ilə, istər nağd şəkildə alınmış mənzil, əmlak bazarında mövcud tendensiya davam etdiyi müddətdə qazanc gətirən investisiya hesab edilə bilər. Xüsusilə də ipotekaya yararlı mənzillərə marağın çox olması onların qiymətinin daha sürətlə yüksəlməsinə səbəb olur.

Ümumilikdə götürdükdə, hazırda ikiotaqlı mənzillərin kirayə qiyməti ən azı 700–800 manatdan başlayır və daha yüksək məbləğlərə qədər yüksəlir. Bu baxımdan, hər ay kirayəyə verilən vəsaiti əmlaka yönəltmək daha sərfəli görünə bilər. Üstəlik, əmlakın qiyməti hər il artdığı üçün mənzil sahibinin qazancı da artır.

Kirayədə qalarkən isə ödənilən məbləğ geri qayıtmır. Hər ay ödənilən 700–800 manat faktiki olaraq xərclənmiş vəsait hesab olunur. Halbuki həmin məbləğin üzərinə müəyyən məbləğ əlavə edərək mənzilin kredit və ya ipoteka ödənişinə yönəltmək daha sərfəli ola bilər.

İstər dövlət ipotekası, istər adi ipoteka krediti, istərsə də bank krediti vasitəsilə mənzil alınması mövcud bazar şəraitində bir çox hallarda məqsədəuyğun görünür. Gələcəkdə bazarın necə inkişaf edəcəyini dəqiq demək mümkün olmasa da, hazırda əmlaka qoyulan vəsait həm öz dəyərini qoruyur, həm də qiymət artımı hesabına əlavə gəlir gətirir.

Məsələn, bu gün 300 min manata alınan mənzilin dəyəri növbəti il 310–315 min manata yüksələ bilər. Bu da göstərir ki, əmlakın qiymətindəki artım ipoteka və ya kreditlə mənzil alan şəxslərə zərər deyil, əksinə qazanc gətirə bilər.

Digər tərəfdən, kirayə bazarında da qiymətlər hər il artır. Hazırda ən sadə ikiotaqlı mənzillərin kirayə qiyməti 700–800 manatdan başlayır və zaman keçdikcə bu məbləğ də yüksəlir. Buna görə də kirayə ilə mənzil almaq variantlarını müqayisə etdikdə, əmlak əldə etmək daha sərfəli görünə bilər.

Əmlak bazarı hazırda alıcılarını sevindirən istiqamətdə inkişaf edir. Əgər mövcud tendensiya davam edərsə, əmlaka qoyulan vəsait itmir və hər il müəyyən gəlir gətirir.

Bundan əlavə, bəzi vətəndaşlar mənzili investisiya məqsədilə alaraq kirayəyə verirlər. Məsələn, bank və ya ipoteka krediti hesabına alınmış mənzil aylıq 800–1000 manata kirayəyə verilə bilər. Həmin kirayə gəliri kredit ödənişinin böyük hissəsini qarşılayır, qalan hissə isə vətəndaş tərəfindən ödənilir.

Bu halda mənzilin özü aylıq ödənişlərin təxminən 75 faizini qarşılamış olur. Digər 25 faiz isə sahibkar tərəfindən ödənilir. Həm mənzilin qiymətinin artması, həm də kirayədən gəlir əldə olunması baxımından bu yanaşma kifayət qədər uğurlu nəticələr verə bilər.

Yəni mənzil ipoteka ilə alınır, daha sonra kirayəyə verilir və əldə olunan gəlir hesabına kredit ödənişlərinin böyük hissəsi qarşılanır. Beləliklə, həm əmlakın bazar dəyəri artır, həm də əlavə gəlir əldə edilir”.

Müəllif: Arzu Qurbanlı
Seçilən
34
sia.az

1Mənbələr