AZ

“Prezident baş verəcək hadisələrlə bağlı əvvəldən dəqiq proqnozlara malikdir” – Deputat AÇIQLADI

"Dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açırıq".

Bu barədə Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib. Şərq-Qərb Dəhlizi uğurla fəaliyyət göstərdiyini xatırladan dövlətimizin başçısı qeyd edib: "Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də (2025-ci il) Ağ Evdə ABŞ prezidenti, Ermənistanın baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək".

Prezidentin bu cür əminliklə bəyan etməsi artıq o deməkdirmi indiyə qədər dedikləri reallaşdığı kimi Zəngəzur yolu da tezliklə açılacaq? Ermənistanda seçkilərdən sonra bu istiqamətdə proses sürət götürəcək?
Hikmət

Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-a bildirib ki, şübhəsiz Azərbaycan Prezidenti bu günə qədər hansı məsələ ilə bağlı öz mövqeyini qəti şəkildə bildiribsə o məsələ mütləq həyata keçirilib:“Azərbaycan Prezidenti 31-ci “Bakı Enerji Forumu”nda ölkəmiz üçün dəmiryolu və avtomobil nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsindən danışdı və bunun nə qədər əhəmiyyətli olmağını, iqtisadi baxımdan çox böyük dividentlər vəd edəcəyini qeyd etdi. Amma bu kontekstdə bir daha Şərq-Qərb dəhlizi və onun bir qolu olan Zəngəzur dəhlizindən danışaraq bu dəhlizin mütləq açılacağını ifadə etdi. Bu zaman 2025-ci il 8 avqust tarixində Ağ Evdə imzalanmış paraflanmış sənədə istinad elədi. Şübhəsiz ki, Azərbaycan Prezidenti bu günə qədər hansı məsələ ilə bağlı öz mövqeyini qəti şəkildə bildiribsə o məsələ mütləq həyata keçirilib. Gözümüzün önündə “Şuşa, biz səni dirçəldəcəyik” deməsindən bir qədər sonra  şəhər canlandı. Bu vaxta qədər Qarabağ və Şərqi Zəngəzurda çox böyük kommunikasiyalar həyata keçirildi, yollar çəkildi, yenidən şəhərlər salındı. Bütün bunların hər biri əslində reallaşdırılması çətin olan, böyük güc, böyük enerji, böyük vaxt tələb edən layihələr olmasına baxmayaraq, qısa müddətdə yerinə yetirildi. Bu gün isə artıq Azərbaycan Prezidenti TRİPP marşrutunun-Zəngəzur dəhlizinin mütləq açılacağından danışırsa əlbəttə ki, müşahidə etdiyimiz məntiqi ardıcıllıqda bunun da mütləq baş verəcəyinə inam yaradır. Ona görə ki, Azərbaycan Prezidenti həmişə deyir sözümüz imzamızdır. Ötən dövr bunu sübut edib”.

Deputatın sözlərinə görə, burada önə çıxan başqa bir məsələ isə ondan ibarətdir ki, Azərbaycan Prezidenti önümüzdəki mərhələni daha aydın görür:

“Azərbaycan Prezidenti Ermənistanda, regionda, dünyada baş verə biləcək hadisələrlə bağlı əvvəldən dəqiq proqnozlara malikdir. Bu isə Azərbaycan Prezidentinin strateji qərarlar alması üçün yaxşı məlumat bazası yardır. Ona görə də nəyin nə vaxt və necə baş verə biləcəyi ilə bağlı aydın təsəvvürləri var. Bu məntiqdən çıxış edərək ölkəmizin Prezidenti artıq Zəngəzur yolunun dəqiq açılacağını ifadə edir. Bu isə şübhəsiz ki, Azərbaycan və region üçün, kim bilir bəlkə də dünya üçün olduqca mühüm bir hadisəyə çevriləcək”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
8
musavat.com

1Mənbələr