AZ

Afrikalılar Azərbaycana niyə köçür?

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Əziz Şiriyev: “Afrikadan gələn turistlərin müəyyən qismi ölkədən çıxmır, ölkədə qalma müddətini uzadır”

Bu ilin yanvar-mart aylarında Azərbaycana Afrika qitəsi ölkələrindən ümumilikdə 3 380 turist səfər edib. Bizimyol.info xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur. Afrika ölkələri arasında ən çox turist Əlcəzairdən (1 073 nəfər), Mərakeşdən (616 nəfər), Komor adalarından (260 nəfər), Nigeriyadan (236 nəfər) və Cənubi Afrikadan (228 nəfər) gəlib.

Bir sıra ölkələrdən gələn turistlərin sayında əhəmiyyətli artım qeydə alınıb. Belə ki, Sierra-Leone, Konqo, Çad, Demokratik Konqo, Burkina Faso, Efiopiya və Nigeriyadan gələnlərin sayı bir neçə dəfə artıb. Bununla yanaşı, bəzi ölkələrdən, o cümlədən Mərakeş, Cənubi Afrika, Sudan, Keniya və Somali kimi istiqamətlərdən gələn turistlərin sayında azalma müşahidə olunub.

Ümumilikdə isə 2026-cı ilin ilk rübündə Azərbaycana 172 ölkədən 484,4 min xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % azdır.

Afrikadan Azərbaycana gələn turistlərin sayında artımı şərtləndirən əsas amil nədir?

Bu barədə Bizimyol.info xəbər portalına danışan turizm eksperti Əziz Şiriyev bildirib ki, Afrika dövlətləri ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şərait formalaşıb: “Afrika heç də düşündüyümüz kimi yalnız imkansız ölkələrdən ibarət deyil. İqtisadi cəhətdən yüksək gəlirli ölkələr də var ki, buna nümunə olaraq Mərakeş, Misir, Keniya, Cənubi Afrika Respublikası, Efiopiya və digər ölkələri göstərmək olar. Hətta Efiopiya və Cənubi Amerikada yerləşən Braziliya dünyada qəhvə istehsalı və ixracı üzrə ön sıralarda yer alan ölkələrdəndir.

Hazırda Afrika dövlətləri ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şərait formalaşıb və bu əlaqələr gündən-günə genişlənir. Təsadüfi deyil ki, Azərbaycanda Afrika Dostluq Cəmiyyəti və İş Adamı Birliyi fəaliyyət göstərir.

Bu yaxınlarda Bakı Ekspo Mərkəzində böyük bir tədbir keçirildi. Həmin tədbirdə Afrikadan olan iş adamları yüksək səviyyədə təmsil olunmuşdular. 40-dan çox afrikalı iş adamı Bakıda idi. Onlar ölkəmizin ən yaxşı otellərində qaldılar və Bakı şəhəri, eləcə də Bakıətrafı ərazilərdə onların gəzintisi təşkil olundu. Qonaqlar ölkəmizdən məmnun qaldıqlarını və yenidən gəlmək istədiklərini bildirdilər”.

Əziz Şiriyev deyib: “Burada ən vacib məqamlardan biri ölkənin və ölkəyə gələnlərin təhlükəsizliyidir. Azərbaycan turistlərin təhlükəsizliyi baxımından dünyada öndə gedən ölkələrdən biridir.

İkinci vacib məqam ondan ibarətdir ki, Afrikadan gələn turistlərin müəyyən qismi çıxış etmir, ölkədə qalma müddətini uzadır və bu da qanunvericiliyə uyğun şəkildə tənzimlənməlidir. Miqrasiya orqanları bu prosesi izləyir və qaydalara əməl olunmadığı hallarda müvafiq tədbirlər görür”.

Əziz Şiriyev həmçinin əlavə edib: “Eyni zamanda investisiya məqsədilə, beynəlxalq axtarış sistemlərində adı olmayan və qeyri-qanuni fəaliyyətlə məşğul olmayan şəxslərin ölkəyə səfərləri dövlət nəzarəti altında təşkil oluna bilər. Belə səfərlərin ayda bir neçə dəfə həyata keçirilməsi, qonaqların həm ölkəmizlə tanış olmasına, həm də investisiya imkanlarını araşdırmasına şərait yarada bilər. Bu isə birmənalı həm Azərbaycanın həmin regionda daha yaxşı tanıdılmasına, həm də iqtisadi və sosial inkişafın sürətlənməsinə yüksək templə artımına səbəb ola bilər”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
bizimyol.info

1Mənbələr