AZ

Nəzəri yanaşma məsələni həll etmir- Tural İrfan yazır

Kapitalizm vəhşidir. Lakin o islah olunmalıdır. Əks halda istismar alətinə çevrilir. Əgər kapitalizm islah olunmasa, istiqaməti tənzimlənməsə o, varlıları canavara, kasıbları yemə çevirir.
Hazırda cəmiyyət əsasən dövlətdən maddiyyat umur, uşaqpulu istəyir. Lakin bu pulun veriləcəyi təqdirdə yenə də yeni ehtiyacların yaranacağı fikri yaranır. Niyə? Çünki cəmiyyət maddi yöndən ac olduğu kimi mənəvi yöndən də acdır. Sosial nizam pozulub. Camaatın nə yediyi bilinir, nə içdiyi bilinir. Nə düz əməlli işi var, nə dolanışığı var. Bazar iqtisadiyyatı insan talelərinə alver prizmasından yanaşmaq demək deyil.
Şair həm şeir yazsın, həm çap etdirsin həm də küçələrdə kitab satsın? Boşanmalar, ailə cinayətləri, orta məktəb uşaqlarının kriminala meyl etməsi, işsizlik, təqaüd və maaşların həddən artıq az olması, ciddi bahalıq insanları maddi qayğı və ehtiyacların ağuşuna elə atıb ki, mənəvi dəyərlərə vaxt ayırmağa bir an da fürsət qalmayıb. Mənəviyyatı kasad adam da təbii ki, yalnız maddiyyat düşünəcək. Ac qarına kitabxanaya gedib kitab oxumaq olar? Kredit borcunu ödəməyə pul tapa bilməyən adam teatra, konsertə gedə bilər? Hətta İslam hüququna görə ac adamın namaz qılması məkruhdur. Gərək orucunu açsın sonra namaz qılsın. Bunun sosial fəlsəfəsi odur ki, acın fikri yeməyin yanında qalacaq, Yaradan haqqında düşünə bilməyəcək...
Bərəkət ərşə çəkilib ölkədən. Varlılar xərcləmək istəmir. Paylaşmaq, bölüşmək ənənəsi yoxa çıxıb. Sanki imkanlılar da etibar etmir, güvənmir. Hesab edir ki, dara düşsə, xəstələnsə onu yalnız və yalnız çoxlu pul xilas edə bilər. Ona görə də pula Allah qədər bağlanıb, onu qoruyur, çoxaldır və paylaşmır, cəmiyyəti, dövləti, başqalarını düşünmür.
Sosial problemlər təkcə maddi gəlir, uşaqpulu, böyükpulu ilə əlaqədar deyil. Sosial sahə təkcə pul, maaş, müavinət demək deyil. Bunun mənəvi, psixoloji, mədəni - kulturoloji və digər ictimai yönləri var ki, maddi problemlərin də kökündə o durur. Lakin bu problemlər bir-birinə bağlıdır. Odur ki, bu problemə kompleks şəkildə praqmatik yanaşmaq lazımdır. Quru, nəzəri yanaşma məsələni həll etmir...
Tural İrfan,
Seçilən
23
news365.az

1Mənbələr