Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı hazırlanan 21-ci sanksiyalar paketi çərçivəsində Rusiya nefti üçün tətbiq olunan qiymət tavanını mövcud səviyyədə saxlamağı nəzərdən keçirir.Metbuat.az Kredit.az-a istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, hazırda qüvvədə olan qiymət tavanı mexanizminin müddəti bu yay başa çatır. Yeni qərar qəbul edilməyəcəyi təqdirdə limit avtomatik olaraq daha yüksək səviyyəyə yenidən hesablanacaq. Aİ isə bunun qarşısını almaq üçün qiymət həddini hazırkı səviyyədə “dondurmağı” planlaşdırır.Nəşr qeyd edir ki, bu addım neft qiymətlərinin artımı hesabına Rusiyanın əlavə gəlir əldə etməsini məhdudlaşdıra bilər. Bununla belə, Rusiya neftinin idxalına tam qadağa qoyulması və ya dəniz daşımalarına məhdudiyyətlərin tətbiqi ehtimalı aşağı qiymətləndirilir.Mənbələrin bildirdiyinə görə, yeni sanksiyalar paketinin əsas prinsipi “az danışıq, daha çox təzyiq” yanaşmasıdır. Bu çərçivədə LUKOIL və Rosneft əleyhinə əlavə məhdudiyyətlərin tətbiqi, həmçinin Rusiyanın “kölgə donanması”na qarşı təzyiqlərin gücləndirilməsi nəzərdən keçirilir.Mayın 26-da Ursula von der Leyen Avropanın Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin hazırlanmasına başladığını açıqlayıb. O, yeni məhdudiyyətlərin detalları barədə məlumat verməyib.Mayın 27-də isə ABŞ LUKOIL-un xaricdəki aktivlərinin satışına icazə verən lisenziyanın müddətini bir ay uzadıb. Şirkət ötən ilin oktyabrında ABŞ Maliyyə Nazirliyinin sanksiyaları fonunda həmin aktivləri satmaq qərarı vermişdi.Bundan əvvəl, mayın 31-də “Bloomberg” agentliyi Aİ-nin Yaxın Şərqdəki münaqişənin neft qiymətlərində yaratdığı kəskin artım fonunda Rusiya nefti üçün maksimal qiymət həddinin müvəqqəti olaraq dondurulmasını müzakirə etdiyini yazmışdı.Rusiya isə Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaları qeyri-qanuni hesab edir.