AZ

Tramp Netanyahunu niyə "dəli" adlandırıb?

ABŞ Prezidenti Donald Tramp Livanda vəziyyətin gərginləşməsi ilə bağlı İsrailin Baş naziri Benjamin Netanyahu ilə telefon danışığında onun ünvanına sərt ifadələr işlədib.

Metbuat.az xəbər verir ki, bu barədə “Axios” portalı amerikalı rəsmilərə və danışığın məzmunu ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, iyunun 1-də baş tutan telefon danışığı zamanı Tramp İsrailin hərəkətlərindən narazı qalıb, Netanyahunu “dəli” adlandırıb və onu nankorluqda ittiham edib.Amerikalı rəsmilərdən birinin sözlərinə görə, Tramp İsrail baş nazirinə xəbərdarlıq edib ki, Livanın paytaxtı Beyruta mümkün zərbə İsrailin beynəlxalq təcridini daha da gücləndirə bilər.Məlumata əsasən, ABŞ Prezidenti Netanyahuya qarşı korrupsiya işi üzrə məhkəmə prosesində ona verdiyi dəstəyi də xatırladıb. Mənbələrin iddiasına görə, Tramp İsrail rəhbərliyinin son addımlarının həm ölkəyə, həm də onun beynəlxalq nüfuzuna zərər vurduğunu bildirib.“Axios” yazır ki, söhbətdən sonra İsrailin Beyruta mümkün hərbi zərbə planları faktiki olaraq dayandırılıb.Xatırladaq ki, Tramp bundan əvvəl sosial şəbəkədə İsrail və Hezbollah arasında atəşkəs əldə olunduğunu açıqlamışdı. O, həmçinin yüksək səviyyəli vasitəçilər vasitəsilə hərəkatla təmaslar qurulduğunu və tərəflərin qarşılıqlı hücumlardan çəkinmək barədə razılığa gəldiyini bildirmişdi.Bundan əvvəl İranın “Tasnim” agentliyi Tehranın Livandakı hadisələrə etiraz olaraq ABŞ ilə dolayı danışıqları dayandırdığını xəbər vermişdi. İran tərəfi atəşkəs şərtlərinin pozulduğunu iddia edərək hərbi əməliyyatların dayandırılmasını və İsrail qoşunlarının bölgədən çıxarılmasını tələb edib.Qeyd edək ki, mayın sonunda İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir “Hizbullah”a qarşı əməliyyatların davam etdiriləcəyini açıqlamış, daha sonra Netanyahu ordunun Livandakı nəzarət zonasını genişləndirməsi barədə göstəriş vermişdi. Bundan sonra İsrail rəsmilərinin ABŞ-dan Beyruta zərbələrin intensivləşdirilməsinə razılıq istədiyi bildirilmişdi.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
33
metbuat.az

1Mənbələr