AZ

Azərbaycan paytaxtında qlobal enerji təqdimatları

Xəzər Neft və Qaz Sərgisi beynəlxalq əməkdaşlıq platformasıdır

Bugünlərdə dünyanın enerji mərkəzlərinin diqqəti yenidən Azərbaycan paytaxtına yönəlib. Dünən öz işinə başlayan ənənəvi Bakı Enerji Həftəsinin ilk günündə 31-ci Beynəlxalq Xəzər neft-qaz, 14-cü Xəzər Beynəlxalq təmiz enerji sərgiləri, eləcə də 31-ci Bakı enerji forumun təntənəli açılış mərasimi keçirildi.

Xatırladaq ki, builki sərgidə dünyanın 44 ölkəsindən gəlmiş 274 şirkət iştirak edir. Tədbirin coğrafiyası Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsi, Fransa, Hindistan, Filippin, Gürcüstan, İordaniya, İspaniya, İsveçrə, İtaliya, Lüksemburq, Qətər, Qazaxıstan, Kanada, Litva, Macarıstan, Misir, Moldova, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və digərlərini əhatə edir. Almaniya və Rusiya Bakı Enerji Həftəsində milli pavilyon ilə təmsil olunur.

Şirkətlərin bir çoxu ənənəvi neft-qaz sərgisinin daimi iştirakçıları olsalar da, bu mötəbər tədbirin debütantları da az deyil. Belə ki, builki iştirakçıların 35 faizini yeni şirkətlər təşkil edir ki, bu da Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq marağın göstəricisidir. Ümumilikdə, sərgi iştirakçılarının, təxminən, 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir.

Bakı Enerji Həftəsi 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş Xəzər neft-qaz sərgi və konfransının məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilib. Artıq 31 ildir ki, beynəlxalq əməkdaşlıq və yeni biznes əlaqələrinin qurulduğu mühüm platforma kimi çıxış edən Bakı Enerji Həftəsi strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına, qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə, enerji keçidi, “yaşıl enerji”, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika, sənaye və infrastruktur sahələrini birləşdirən beynəlxalq biznes ekosisteminin inkişafına töhfələr verir.

Xəzər regionunun ən nüfuzlu enerji tədbirinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin və bir çox dünya ölkələrinin dövlət xadimlərinin, şirkət nümayəndələrinin, yüksək səviyyəli qonaqların və beynəlxalq enerji ekspertlərinin iştirakı, eləcə də ABŞ və Türkiyə prezidentlərinin və Böyük Britaniyanın Baş nazirinin ünvanladıqları salamlama məktubları bu mühüm beynəlxalq enerji toplantısının əhəmiyyətini qat-qat artırır.

Azərbaycanın həm regionda, həm də Avropada enerji təhlükəsizliyi sahəsində önəmli rol oynadığını bir daha təsdiqləyən Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

31-ci Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin əhatə etdiyi mühüm bölmələrdə neft-qaz yataqlarının işlənməsi, neft və qazı hasilatı və nəqli, telekommunikasiya, informasiya texnologiyaları, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovative texnologiyalar daxildir. Sərgidə süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də qeyri-neft və qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ayrı-ayrı müəssisələrinin öz nailiyyət və perspektivlərini geniş nümayiş etdirməsi tədbirə marağı qat-qat artırırdı. Bundan əlavə, ölkəmizdə həyata keçirilən iri neft-qaz layihələrinin operatoru olan bp şirkəti, qardaş Türkiyənin TPAO, Fransanın Total, Özbəkistanın “Uzbeknefteqaz”, Azərbaycanda bərpaolunan enerji layihələrinin iştirakçısı olan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, eləcə də dünyanın neft-qaz, nəqliyyat-logistika və təchizat sahələrində fəaliyyət göstərən onlarca firma və şirkəti öz qabaqcıl təcrübə və nailiyyətlərini sərgidə nümayiş etdirmək üçün yaxşı imkan qazanmışdılar.

Yeri gəlmişkən, iştirakçıların istər bu müəssisələrin, istərsə də öz ekspozisiyalarını göstərən digər ölkələrin şirkətlərinin imkanları, nailiyyət və perspektivləri ilə yaxından maraqlanmaları bir daha sübut edirdi ki, ənənəvi “Xəzər Neft-Qaz Sərgisi” beynəlxalq əməkdaşlıq meydanı kimi mühüm statusunu qoruyub saxlaya bilib. Elə sərgi barədə rəy və təəssüratlarını öyrəndiyimiz iştirakçılar da bu mötəbər tədbirdə əməkdaşlıq əlaqələrini genişləndirmək, sərginin yaratdığı imkanlardan səmərəli istifadə etmək məqsədində olduqlarını vurğulayırdılar.

Fuat Ege ASLAN, Türkiyənin “Evropower” şirkətinin beynəlxalq biznesin inkişafı üzrə meneceri:

– Hər şeydən öncə, qeyd etmək istəyirəm ki, Bakı Enerji Həftəsi dünyanın enerji sektorunda fəaliyyət göstərən şirkətlər üçün olduqca önəmli bir tədbirdir. İştirakçıların çoxluğu isə onun əhəmiyyətini qat-qat artırır. Düşünürəm ki, sərgi şirkətlərə həm öz nailiyyətlərini nümayiş etdirmək, həm də yeni əməkdaşlıq əlaqələri yaratmaq baxımından son dərəcə əhəmiyyətlidir. Sərginin təşkilatçılığı da çox yüksək səviyyədədir.

“Evropower” şirkəti olaraq, bu il Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgidə ikinci dəfə iştirak edirik. Ötən il tədbirdə ilk dəfə qatılaraq bir sıra mühüm tərəfdaşlıqların və əməkdaşlıqların əsasını qoymağa nail olmuşuq. Eyni zamanda, bu platforma vasitəsilə yeni dostluqlar qazanır, peşəkar və işgüzar əlaqələrimizi daha da genişləndiririk.

Dost və qardaş ölkə olan Azərbaycanda formalaşan münasibətlər bizim üçün xüsusi önəm daşıyır. Builki sərgi çərçivəsində həm keçən il tanış olduğumuz tərəfdaşlarımızla görüşlərimizi davam etdirir, həm də yeni əməkdaşlıq imkanları qazanırıq. Ötən il olduğu kimi, bu dəfə də tədbirə marağın yüksək olduğunun şahidi oluruq. Xüsusilə enerji sektorunda, o cümlədən bərpa olunan enerji sahəsində fəallığın artdığını müşahidə edirik.

Şirkətimizin əsası 1999-cu ildə qoyulub. Enerji və elektrik avadanlıqları istehsalı sahəsində ixtisaslaşmış törəmə şirkətimiz isə 2006-cı ildə fəaliyyətə başlayıb. Müəssisəmiz yenilənəbilən enerji layihələri, yarımstansiyalar, yüksək və orta gərginlikli sistemlərin layihələndirilməsi və “açar təslim” həllərinin icrası üzrə fəaliyyət göstərir. Bununla yanaşı, elektrik avadanlıqlarının istehsalını həyata keçiririk. Bura aşağı və orta gərginlikli panellər, açar sistemləri, yüksək gərginlik avadanlıqları və güc transformatorları daxildir. Sadaladığım məhsullar isə geniş sahələrdə istifadə olunmaqla enerji infrastrukturunun əsas komponentlərini təşkil edir.

Azərbaycanla əməkdaşlığa gəldikdə isə, şirkətimizin burada fəaliyyət göstərən rəsmi nümayəndəliyi həm yerli, həm də beynəlxalq layihələrdə iştirak edir. Şirkətimiz Azərbaycanda birbaşa istehsal həyata keçirməsə də, müxtəlif layihələrdə tərəfdaş kimi fəaliyyət göstərir.

Anna VANQ, “China petroleum pipeline engineering CO.LTD” şirkətinin mühəndisi:

– Təmsil etdiyim şirkət Çin Milli Neft-Qaz Korporasiyasının tərkibində fəaliyyət göstərir. Şirkətimiz neft-qaz boru kəmərlərinin layihələndirilməsi, tikintisi, avadanlıqların satın alınması və texniki xidmət sahəsində ixtisaslaşıb. Mərkəzi Asiyada həyata keçirilən bir sıra iri boru kəməri layihələrində iştirak edən şirkətimiz ötən müddətdə bu sahədə geniş təcrübə əldə edib.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən bu möhtəşəm sərgidə ilk dəfədir ki, iştirak edirik. Sərginin təşkilatçılığı yüksək səviyyədədir. Düşünürəm ki, burada iştirakımız bizə yeni dostlar, yeni tərəfdaşlar qazandıracaq. Və biz Azərbaycanın enerji sektoru ilə əməkdaşlıq imkanı əldə edəcəyik.

Azərbaycana ilk dəfə illər öncə səfər etmişdim. Lakin o zaman Bakını tam gəzmək imkanım olmamışdı. Yaxın günlərdə isə vaxt tapıb bu ecazkar şəhərin tarixi və mədəni məkanları ilə tanış olmağı planlaşdırıram. Xüsusən də İçərişəhər, Dənizkənarı Bulvar və müxtəlif muzeyləri ziyarət etməyi düşünürəm. Ümumilikdə isə, Bakı ilə bağlı təəssüratlarım olduqca yüksəkdir. Ötən müddətdə şəhəriniz tanınmaz dərəcədə dəyişib. Bakının yüksək səviyyəli inkişafı, təmizliyi, xüsusən də insanların qonaqpərvərliyi məni heyran edir.

Elçin MƏMMƏDZADƏ, “AzSafety production” şirkətinin satış və əməliyyatlar üzrə meneceri:

– Şirkətimiz 2018-ci ilə təsis edilib. Biz dəniz təhlükəsizliyi avadanlıqları, fərdi mühafizə vasitələri, xilasetmə salları, təxliyə sistemləri, yanğınsöndürmə avadanlıqları və ofşor əməliyyatlar üçün dəstək həllərindən ibarət tam inteqrasiya olunmuş xidmət və məhsul portfeli təqdim edirik. Xəzər regionunda illərə söykənən təcrübəmiz sayəsində hər bir əməliyyatda ən yüksək keyfiyyət, etibarlılıq və beynəlxalq standartlara tam uyğunluq təmin olnur.

“Xəzər Neft-Qaz Sərgisi”nə gəldikdə isə, şirkətimiz ikinci dəfədir ki, bu mötəbər toplantıya qatılır. Enerji sektoru üçün olduqca böyük əhəmiyyət daşıyan sərginin gedişində imzalanan sazişlər, layihələr, elan olunan yeniliklər bütün dünyada yayımlanır. Bu baxımdan sərgi çərçivəsində nailiyyətlərimizin, layihələrimizin nümayişi çox əhəmiyyətlidir.

Sərgi əməkdaşlıq baxımından da əla fürsətdir. Belə ki, ötən il sərgi çərçivəsində yeni əməkdaşlıq imkanı qazandığımız şirkətlə imzaladığımız sazişə əsasən, xilasedici salların texniki vəziyyətini təftiş etməklə yanaşı, həm də onlara lazımi texniki xidmət göstəririk. Bununla yanaşı, əməkdaşlıq etdiyimiz şirkətlərin istifadəsində olan stasionar və daşınabilən yanğınsöndürmə avadanlıqlarının illik təftişini həyata keçirir, istismar prosesi zamanı yaranan texniki çatışmazlıqları aradan qaldırırıq.

Mirbağır YAQUBZADƏ
XQ

Seçilən
30
1
xalqqazeti.az

2Mənbələr