AZ

John Wallace: Azərbaycanın neft-qaz sektorunda yeni kəşflər üçün böyük potensial var

Azərbaycanın neft-qaz sektorunda yeni kəşflər üçün əhəmiyyətli potensial mövcuddur və gələcəkdə əsas diqqət dənizdə aparılacaq kəşfiyyat işlərinə yönəlməlidir.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumu çərçivəsində keçirilən “Baş İcraçı Direktorla Eksklüziv Müsahibə” sessiyasında DeGolyer and MacNaughton şirkətinin İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru John Wallace deyib.

Onun sözlərinə görə, Azərbaycanın əsas üstünlüklərindən biri yüksək keyfiyyətli neft-qaz yataqlarına malik olmasıdır.

“Azərbaycanda yaxşı kollektorlar mövcuddur. Adətən, yaxşı kollektorların olduğu yerlərdə keyfiyyətli mənbə süxurları da olur. Buna görə hesab edirəm ki, Azərbaycanın gələcəyi dənizdə yeni kəşfiyyat işləri və mənbə süxurlarının araşdırılması ilə bağlıdır”, – deyə o bildirib.

John Wallace qeyd edib ki, qlobal enerji sənayesində yeni tendensiyalar formalaşır. Onun sözlərinə görə, ABŞ-da perspektivli şist nefti sahələrinin böyük hissəsi artıq mənimsənilib və bu səbəbdən beynəlxalq enerji şirkətləri xarici bazarlarda yeni imkanlar axtarmağa başlayırlar.

“Şirkətlər bazar dəyərlərini və ehtiyat bazalarını qorumaq üçün xaricdə yeni layihələrə yönəlməli olacaqlar. Biz bunu getdikcə daha çox müşahidə edirik”, – deyə o vurğulayıb.

DeGolyer and MacNaughton rəhbərinin fikrincə, Azərbaycanın zəngin geoloji potensialı və Xəzər dənizindəki imkanları ölkəni beynəlxalq enerji şirkətləri üçün cəlbedici istiqamətlərdən birinə çevirə bilər.

Seçilən
42
3
apa.az

4Mənbələr