AZ

Azərbaycanın səma qanadları

2 İyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür

Bu gün mülki aviasiya yalnız sərnişin daşımalarını həyata keçirən nəqliyyat sahəsi deyil, həm də iqtisadiyyatın, turizmin, beynəlxalq əməkdaşlığın və regional inteqrasiyanın əsas dayaqlarından hesab olunur. Azərbaycan isə son illərdə bu sahədə əldə etdiyi nailiyyətlərlə regionun aparıcı aviasiya mərkəzlərindən birinə çevrilməkdədir.

Azərbaycan mülki aviasiyasının inkişaf tarixində mühüm mərhələlərdən biri də bu sahədə çalışan insanların əməyinə dövlət səviyyəsində verilən yüksək qiymətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 may 2006-cı il tarixli sərəncamı ilə hər il iyunun 2-si “Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü” elan edilib. Bu qərar ölkənin hava nəqliyyatı sisteminin inkişafında xidmətləri olan minlərlə aviasiya əməkdaşının fəaliyyətinə verilən yüksək dəyərin ifadəsidir.

Azərbaycan mülki aviasiyasının müasir inkişaf mərhələsinin əsasını isə ümummilli lider Heydər Əliyev qoyub. Məhz onun rəhbərliyi dövründə aviasiya sahəsində genişmiqyaslı islahatlara başlanılıb, maddi-texniki baza gücləndirilib, yeni kadrların hazırlanmasına xüsusi diqqət yetirilib. Peşəkar milli kadrlara olan tələbat nəzərə alınaraq, 1992-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyası yaradılıb.

Ulu öndər müstəqilliyin ilk illərində ölkənin hava nəqliyyatı sisteminin qorunub saxlanılması və beynəlxalq standartlara uyğun yenidən qurulmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Belə ki, Azərbaycan aviasiyasının beynəlxalq aviasiya ailəsinə inteqrasiyası sürətlənib, yeni hava gəmilərinin alınması, beynəlxalq marşrutların açılması və müasir hava limanlarının inşası istiqamətində mühüm addımlar atılıb. Bu strategiya sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib və nəticədə Azərbaycan regionun ən müasir aviasiya infrastrukturuna malik ölkələrindən birinə çevrilib.

Bu gün Azərbaycanın mülki aviasiya infrastrukturu Cənubi Qafqazın ən müasir sistemlərindən biri hesab edilir. Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanı regionun ən böyük tranzit qovşaqlarından biri olmaqla yanaşı, beynəlxalq reytinqlərdə xidmət keyfiyyətinə görə yüksək yerlərdə qərarlaşıb. Ölkədə hazırda Bakı, Gəncə, Ağstafa, Balakən, Naxçıvan, Qəbələ, Lənkəran, Zaqatala, Xocalı, Yevlax, Zəngilan və Füzuli beynəlxalq hava limanları fəaliyyət göstərir.

Azərbaycan mülki aviasiyasının son illərdəki ən mühüm uğurlarından biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni beynəlxalq hava limanlarının inşasıdır. 2021-ci ildə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə tikilən ilk beynəlxalq hava limanı kimi tarixə düşüb. Hava limanına ilk sınaq uçuşunu AZAL-ın "Qarabağ" adlı Airbus A340-500 təyyarəsi həyata keçirib. Füzuli hava limanı beynəlxalq ICAO və IATA standartlarına uyğun şəkildə qurulub və iri gövdəli təyyarələri qəbul etmək imkanına malikdir.

2022-ci ildə fəaliyyətə başlayan Zəngilan Beynəlxalq Hava Limanı isə Şərqi Zəngəzurun ilk hava nəqliyyatı qapısı oldu. Burada Almaniyanın DFS Aviation Services şirkətinin iştirakı ilə ən müasir “Phoenix” hava hərəkətinin idarəetmə sistemi quraşdırılıb. Mütəxəssislər bildirirlər ki, bu texnologiya uçuş təhlükəsizliyinin artırılması və hava məkanının daha səmərəli idarə olunması baxımından region üçün mühüm yenilik hesab edilir.

Azərbaycanın yeni hava qapılarından biri olan Laçın Beynəlxalq Hava Limanı da artıq ölkənin aviasiya xəritəsində mühüm yer tutur. Hava limanının idarəetmə sistemlərinin müasirləşdirilməsi istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq həyata keçirilir və yaxın illərdə burada müntəzəm uçuşların daha da genişləndirilməsi nəzərdə tutulur. Rəsmi məlumatlara görə, Laçın hava limanının fəaliyyətinin regionda turizmin və iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

Maraqlı faktlardan biri də budur ki, işğaldan azad olunmuş ərazilərdə tikilən hava limanları yalnız nəqliyyat layihələri deyil, həm də yüksək texnologiyaların tətbiq olunduğu mühəndislik kompleksləridir. Burada ən son naviqasiya sistemləri, avtomatlaşdırılmış hava hərəkətinin idarə olunması texnologiyaları və beynəlxalq təhlükəsizlik standartları tətbiq edilir.

Azərbaycanın milli aviadaşıyıcısı olan Azerbaijan Airlines (AZAL) ölkənin aviasiya inkişafında əsas lokomotiv rolunu oynayır. Donanmanın yenilənməsi, yeni təyyarələrin alınması, beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsi və rəqəmsal xidmətlərin tətbiqi bu inkişafın əsas istiqamətlərini təşkil edir. Son illərin uçuş proqramında Bakıdan Avropa, Asiya və Yaxın Şərqin onlarla şəhərinə reyslərin həyata keçirilməsi Azərbaycanın beynəlxalq hava nəqliyyatı əlaqələrinin daha da genişləndiyini göstərir.

Müasir aeroportların tikintisi, innovativ idarəetmə sistemlərinin tətbiqi və beynəlxalq standartlara uyğun xidmətlərin təşkili Azərbaycanı regionun mühüm aviasiya mərkəzlərindən birinə çevirir. Eyni zamanda sərnişin təhlükəsizliyi, xidmət keyfiyyəti və peşəkar kadr hazırlığı AZAL-ın əsas prioritetləri olaraq qalır.

Bu gün Azərbaycan səmasında həyata keçirilən hər bir təhlükəsiz uçuşun arxasında minlərlə insanın peşəkarlığı, məsuliyyəti və zəhməti dayanır. Mülki aviasiya ölkənin dünyaya açılan qapısı, iqtisadi inkişafın mühüm hərəkətverici qüvvəsi və gələcəyə uzanan strateji körpüsüdür. İnanırıq ki, yeni hava limanları, müasir texnologiyalar və peşəkar insan resursları ilə Azərbaycan aviasiyası qarşıdakı illərdə də yüksəlişini davam etdirəcək, ölkənin adını beynəlxalq səviyyədə daha da möhkəmləndirəcək.

Nurəngiz ADİLQIZI
XQ

Seçilən
3
xalqqazeti.az

1Mənbələr