AZ

14 manatlıq rahatlıq: Şuşaya gedən yolun üstünlükləri

İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində bölgənin sosial-iqtisadi inkişafı, turizm potensialınından istifadənin və strateji əhəmiyyətli ərazilər arasında nəqliyyat əlaqəsinin genişləndirilməsi məqsədilə alternativ olaraq Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu tikilib. Nazirlər Kabinetinin 2026-cı il 1 aprel tarixli 91 nömrəli Qərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub.

Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz avtomobil yolu mövcud olduqda alternativ ödənişli avtomobil yolları yaradıla bilər və bu yoldan istifadə seçimdən asılıdır. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ilə gediş üçün ödəniş məbləği bütün yol üçün 14,39 manat müəyyənləşdirilib.

Ekspertlərə görə, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ənənəvi yoldan 19,7 km qısa olmaqla, sürət həddi daha yüksəkdir. Məsafənin qısa və sürət həddinin yüksək olması istifadəçilərə vaxtla yanaşı, yanacağa da qənaət etməyə imkan verəcək. Qeyd edək ki, bu ödənişlərdən daxil olan vəsait təsdiq edilən bölgü əsasında ödənişli avtomagistralların və müvafiq ödəniş məntəqələrinin, habelə respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, qorunması və təmiri, ödənişli avtomagistralların idarə olunması, avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə istifadə olunur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Vüqar Bayramov deyib ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu müasir standartlara uyğun olaraq inşa edilən avtomobil yoludur.

Onun sözlərinə görə, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu alternativ yollaran daha qısa məsafəlidir:

“Eyni zamanda körpülərdən və yeraltı keçidlərdən istifadə etməklə Şuşaya daha rahat şəkildə çatmaq imkanı deməkdir. Sözsüz, bu yol bütövlükdə Qarabağın inkişafı baxımından vacib layihələrdən biridir. Bölgənin inkişafını stimullaşdıran, dəstəkləyən infrastruktur layihələridir”.

Vüqar Bayramov: Yol və digər infrastrukturlar turizmin inkişafı baxımından da vacib layihələrdəndir

Müsahibimiz vurğulayıb ki, artıq Qarabağda 85 mindən artıq vətəndaşımız məskunlaşıb, orada yaşayır, təhsil alırlar:

“Biz Qarabağ və Şərqi Zəngəzurun bütövlükdə inkişaf etməsini, nəqliyyat-logistika imkanlarının genişlənməsini müşahidə edirik. Yol və digər infrastrukturlar turizmin inkişafı baxımından da vacib layihələrdən biridir. Xüsusən, son dövrlər Qarabağa gedən daxili turistlərin sayında da artım böyükdür”.

“Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu da regionun inkişafını dəstəkləyən əsas layihələrdən biri kimi qiymətləndirilməlidir”, - deyə Vüqar Bayramov əlavə edib.

Aydın Baxış

Seçilən
17
bakivaxti.az

1Mənbələr