Rusiya Silahlı Qüvvələri ağır odsaçan sistemlərdən olan "TOS-1A Solntsepek"in istifadəsində yeni taktiki yanaşma tətbiq edib.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatı “İzvestiya” qəzeti vəziyyətlə tanış mənbələrə istinadla yayıb.

Məlumata görə, əvvəllər bu sistemlər əsasən canlı qüvvə toplanışlarının və hərbi texnikanın məhv edilməsi üçün istifadə olunurdusa, indi əsas hədəflər pilotsuz uçuş aparatlarının (PUA) operator qrupları və dron idarəetmə məntəqələri hesab olunur.
Nəşr qeyd edir ki, bu dəyişiklik müasir döyüş əməliyyatlarında dronların rolunun əhəmiyyətli dərəcədə artması ilə bağlıdır. Hərbi mütəxəssislərin fikrincə, PUA ekipajlarını adi artilleriya ilə məhv etmək üçün dəqiq zərbə tələb olunur. “Solntsepek” isə daha geniş ərazidə təsir göstərərək hədəfləri vurmaq imkanına malikdir.
Məlumatda həmçinin vurğulanır ki, termobarik döyüş başlıqları qapalı və möhkəmləndirilmiş mövqelərə qarşı yüksək dağıdıcı təsirə malikdir. Bu səbəbdən sistem dron idarəetmə məntəqələri və möhkəmləndirilmiş obyektlərə qarşı daha fəal şəkildə tətbiq edilir.