AZ

“D-8 formatı Azərbaycan üçün enerji diplomatiyasında yeni imkanlar yarada bilər” – Xalid Kərimli

Azərbaycanın D-8 (İnkişafda olan səkkiz müsəlman ölkəsi) təşkilatına üzvlüyü ölkə üçün yeni iqtisadi və strateji əməkdaşlıq imkanları yaradır. İqtisadçı Xalid Kərimli bu platformanın xüsusilə enerji diplomatiyası və investisiya mübadiləsi baxımından mühüm rol oynaya biləcəyini bildirib.

 İqtisadçı Xalid Kərimli QHT.az-a açıqlamasında D-8 ölkələri ilə əməkdaşlığın Azərbaycan üçün yeni perspektivlər açdığını qeyd edib.

Onun sözlərinə görə, Türkiyə, İran və Pakistan kimi ölkələrlə mövcud strateji münasibətlər fonunda D-8 formatı daha geniş institusional əməkdaşlıq platformasına çevrilə bilər:

“Bu ölkələrin bir çoxu enerji ixracatçısıdır və artıq geniş coğrafiyada enerji əlaqələri formalaşıb. Amma burada əsas məsələ təkcə neft və qaz ixracı deyil. Daha çox enerji infrastrukturuna investisiyalar, birgə layihələr və institusional əməkdaşlıq ön plana çıxır,” – deyə o bildirib.

X. Kərimli qeyd edib ki, D-8 çərçivəsində texnologiya və idarəetmə təcrübəsinin mübadiləsi, eləcə də enerji sektoruna birbaşa xarici investisiyaların cəlbi mühüm istiqamət ola bilər.

O əlavə edib ki, Azərbaycanın bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihələr, o cümlədən regional interkonnektor təşəbbüsləri D-8 platformasında əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

İqtisadçı vurğulayıb ki, enerji sahəsində əməkdaşlıq Bakı Enerji Həftəsi kimi beynəlxalq tədbirlər fonunda daha da aktuallaşır:

“Bu format çərçivəsində ölkələr arasında məsləhətləşmələr, investisiya müzakirələri və birgə layihələr daha sistemli şəkildə həyata keçirilə bilər,” – deyə Xalid Kərimli bildirib.

Zəhra Ağayeva

Seçilən
55
qht.az

1Mənbələr