AZ

Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyası necə uğurla davam etdirilir — Aydın Mirzəzadə

“Müasir dövrdə enerji təhlükəsizliyi beynəlxalq siyasətin əsas istiqamətlərindən biri hesab olunur və Azərbaycan bu prosesdə mühüm rol oynayan ölkələr sırasındadır. Azərbaycanın zəngin enerji resursları və bu resursların xarici bazarlara çıxarılması üçün formalaşdırdığı geniş infrastruktur şəbəkəsi region ölkələrinin də diqqətini cəlb edir. Bu baxımdan Azərbaycan təkcə enerji ixracatçısı kimi deyil, eyni zamanda ixrac imkanlarına malik etibarlı tərəfdaş kimi tanınır”.


Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, bu gün ölkə iqtisadiyyatının sürətlə inkişaf edən sahələrindən biri elektrik enerjisi istehsalıdır:

“Hazırda Cənubi Avropanın bir sıra ölkələri Azərbaycandan elektrik enerjisi alır və ixrac olunan enerjinin həcmi getdikcə artır. Bu isə ötürülmə xətlərinin genişləndirilməsini və yeni enerji layihələrinin həyata keçirilməsini strateji zərurətə çevirir. Xüsusilə Qara Dəniz Enerji Kabel Layihəsi həm Azərbaycan, həm də layihədə maraqlı olan tərəfdaş dövlətlər üçün böyük əhəmiyyət daşıyır. Bu layihə Azərbaycanın Avropa enerji bazarındakı rolunu daha da gücləndirə bilər. Region üçün mühüm layihələrdən biri hesab olunan Zəngəzur dəhlizi də strateji əhəmiyyətə malikdir. Bu dəhliz bir tərəfdən Azərbaycanın əsas hissəsi ilə uzun illər coğrafi baxımdan ayrı qalmış Naxçıvan arasında birbaşa əlaqənin qurulmasına imkan yaradacaq. Digər tərəfdən isə Şərqlə Qərb arasında etibarlı nəqliyyat və logistika koridoru kimi çıxış edəcək. Ermənistan uzun müddət bu layihəyə müqavimət göstərsə də, son illərdə aparılan diplomatik danışıqlar və beynəlxalq təşəbbüslər layihənin reallaşması üçün yeni imkanlar yaradıb.

Azərbaycan bu istiqamətdə fəal fəaliyyət göstərir. Ermənistan tərəfdən də zaman-zaman layihəyə daha konstruktiv yanaşmaqla bağlı açıqlamalar səsləndirilir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm Azərbaycan, həm də Ermənistan üçün mühüm iqtisadi dividendlər vəd edir. Bu layihə vasitəsilə yeni iş yerlərinin açılması, tranzit gəlirlərinin artması, yük və sərnişin daşımalarının sürətlənməsi mümkün olacaq. Dəhliz Türkiyə üzərindən Avropa və digər beynəlxalq bazarlara çıxış imkanlarını da genişləndirəcək”.

O bildirib ki, Azərbaycanın regionda artan nüfuzu statistik göstəricilərdə də öz əksini tapır:

“Əhalisinin sayının 10 milyondan çox olması, geniş iqtisadi potensialı və tarixən formalaşmış təsərrüfat ənənələri ölkənin həm iqtisadi, həm də siyasi çəkisini artırır. Azərbaycanın qonşu dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan siyasət yürütməsi ölkənin beynəlxalq əlaqələrinin möhkəmlənməsinə və dost ölkələrin sayının artmasına səbəb olub. Bu gün Azərbaycan regionda sülhün və əməkdaşlığın təşviqində mühüm rol oynayır. Bir çox beynəlxalq iqtisadi və siyasi layihələrin təşəbbüskarı kimi çıxış edən Azərbaycan artıq beynəlxalq diplomatiya mərkəzlərindən birinə çevrilib. Azərbaycanın irəli sürdüyü təşəbbüslər beynəlxalq səviyyədə böyük maraqla qarşılanır və regionun sabitlik məkanına çevrilməsinə töhfə verir.

Azərbaycanın enerji siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Onun təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ölkənin enerji strategiyasında dönüş nöqtəsi olub. Sonrakı dövrdə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyini daha da gücləndirib. Bu layihələr həm ölkəyə böyük maliyyə resurslarının cəlb edilməsinə, həm də daxili sosial-iqtisadi problemlərin həllinə ciddi töhfə verib. Eyni zamanda Azərbaycan yalnız enerji sahəsində deyil, digər istiqamətlərdə də etibarlı tərəfdaş kimi tanınır. Son illərdə qeyri-neft sektorunun ixracdakı payı davamlı şəkildə artır. Daxili iqtisadiyyatda da qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi dayanıqlığını gücləndirən əsas amillərdən biri hesab olunur. Beynəlxalq nüfuz təkcə enerji resursları ilə müəyyən olunmur. Dövlətin etibarlılığı, beynəlxalq hüquqa hörmətlə yanaşması, tərəfdaş ölkələrlə səmərəli əməkdaşlıq qurması, daxili siyasi sabitliyi və insan hüquqlarının qorunması da mühüm rol oynayır. Azərbaycan bu istiqamətlərdə həyata keçirdiyi siyasətlə beynəlxalq aləmdə nüfuzunu gücləndirə bilib və regionun əsas siyasi-iqtisadi aktorlarından birinə çevrilib”.

Qeyd edək ki, iyunun 1-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
27
1
demokrat.az

2Mənbələr