AZ

DİQQƏT: Bu qəpiklər dövriyədən çıxarıla, yeni pul nişanları istifadəyə buraxıla bilər

Azərbaycanda gələcəkdə yeni pul nişanlarının dövriyyəyə buraxılması və aşağı nominallı qəpiklərin istifadədən çıxarılması məsələsi zaman-zaman müzakirə olunur.

Bəs belə bir addımın atılması nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, yeni pul nişanlarının buraxılması və aşağı nominallı qəpiklərin dövriyyədən çıxarılması iqtisadi baxımdan mümkün olsa da, bu cür qərarlar yalnız makroiqtisadi göstəricilər və pul siyasətinin prioritetləri əsasında qəbul edilə bilər.

SON

“Mərkəzi banklar yeni əskinasları iqtisadiyyatın tələblərinə uyğun olaraq dövriyyəyə buraxırlar. Bu proses pul kütləsinin artırılması deyil, daha çox köhnəlmiş əskinasların yenilənməsi, yeni nominalların tətbiqi və ya nağd pul dövriyyəsinin optimallaşdırılması məqsədi daşıyır.

İqtisadi əsaslar olmadan həyata keçirilən əlavə pul emissiyası inflyasiya risklərini artırdığı üçün bu proses ciddi nəzarət altında aparılır”, – deyə ekspert vurğulayıb.

Asif İbrahimov qeyd edib ki, aşağı nominallı qəpiklərin dövriyyədən çıxarılması bir çox ölkələrdə tətbiq olunan təcrübədir.

“Sikkələrin istehsalı və dövriyyəsi ilə bağlı xərclər onların iqtisadi faydasını üstələdikdə, həmin sikkələrdən imtina edilir. Bu yanaşma xüsusilə nağdsız ödənişlərin geniş yayıldığı ölkələrdə daha çox müşahidə olunur.

Azərbaycanda da gələcəkdə 1, 3 və ya 5 qəpiklik sikkələrin iqtisadi səmərəliliyi qiymətləndiriləcək. Nağdsız ödənişlərin sürətlə artması və qiymət səviyyəsində baş verən dəyişikliklər bu qəpiklərin praktik əhəmiyyətini azaldacaq.

Belə bir qərar qəbul olunarsa, nağd hesablaşmalarda məbləğlərin yuvarlaqlaşdırılması tətbiq edilə, elektron ödənişlərdə isə dəqiq məbləğlər saxlanıla bilər”, – deyə o, əlavə edib.

Asif İbrahimovun fikrincə, pul nişanlarının strukturu iqtisadiyyatın real vəziyyətinə uyğun olaraq mütəmadi şəkildə nəzərdən keçirilməlidir. Bu, həm vətəndaşlar üçün daha rahat ödəniş mühiti yaratmağa, həm də dövlətin pul dövriyyəsi ilə bağlı xərclərini optimallaşdırmağa xidmət edir.

Bununla belə, ekspert xatırladıb ki, hazırda Azərbaycanda bütün qəpiklər qanuni ödəniş vasitəsi olaraq qüvvədə qalır və onların dövriyyədən çıxarılması ilə bağlı hər hansı rəsmi qərar qəbul edilməyib.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
15
1
konkret.az

2Mənbələr