AZ

Bir gen həm üstünlük, həm də təhlükəYARADIR

Qüdsdəki İvrit Universitetinin alimləri britaniyalı həmkarları ilə birlikdə orqanizmin sürətli böyüməsini və cinsi yetkinləşməsini sürətləndirən, eyni zamanda ömür uzunluğunu azaldan və xərçəng riskini artıran geni müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu elmi nəşr olan "Nature Communications" jurnalında dərc olunub.

Söhbət daha əvvəl insanlarda və bəzi heyvanlarda cinsi yetkinləşmə dövrü ilə əlaqələndirilən vgll3 genindən gedir. Tədqiqatçılar ilk dəfə eksperimental şəkildə sübut ediblər ki, bu gen orqanizmin sürətli inkişafı ilə uzunmüddətli sağlamlığı arasında mövcud olan bioloji tarazlıqda mühüm rol oynayır.

Araşdırma zamanı alimlər qocalma proseslərinin öyrənilməsində geniş istifadə olunan, qısa ömürlü Afrika firuzəyi killifişindən istifadə ediblər. CRISPR gen redaktəsi texnologiyasının köməyi ilə vgll3 geninin fəaliyyəti dəyişdirilib və nəticələr müşahidə olunub.

Məlum olub ki, dəyişdirilmiş genə malik balıqlar daha sürətlə böyüyür və daha erkən cinsi yetkinliyə çatırlar. Bu xüsusiyyət təbii şəraitdə onların nəsil artırmaq şansını yüksəldə bilər. Lakin bunun mənfi tərəfi də var. Belə balıqlar daha az yaşayır və yaşla əlaqəli şiş xəstəlikləri, o cümlədən melanoma ilə daha tez qarşılaşırlar.

Əlavə təhlillər göstərib ki, vgll3 geni hüceyrələrin bölünməsi, kök hüceyrələrin fəaliyyəti və DNT-nin bərpası proseslərinə təsir göstərir. Alimlərin fikrincə, gənc yaşlarda sürətli inkişafı təmin edən yüksək hüceyrə aktivliyi sonrakı dövrlərdə qocalmanı sürətləndirən və onkoloji xəstəliklərə səbəb olan zədələnmələrin toplanmasına şərait yaradır.

Tədqiqat müəlliflərinin sözlərinə görə, əldə edilən nəticələr bəzi genlərin erkən yaşlarda faydalı, sonrakı dövrlərdə isə zərərli təsir göstərdiyini irəli sürən "antaqonist pleiotropiya" nəzəriyyəsinin ən güclü sübutlarından biri hesab oluna bilər.

Alimlər qeyd ediblər ki, vgll3 geni insanlarda da mövcuddur. Bu kəşf qocalmanın və yaşla bağlı xəstəliklərin bioloji mexanizmlərinin daha yaxşı başa düşülməsinə kömək edə bilər. Gələcək tədqiqatlarda isə genin böyümə və inkişaf üçün faydalı təsirlərini qoruyub saxlayaraq, onun xərçəng və ömür uzunluğunun azalması ilə əlaqəsini aradan qaldırmağın mümkün olub-olmadığı araşdırılacaq.

NURİYYƏ

Seçilən
60
1
redaktor.az

2Mənbələr