AZ

Çe Gevaranın alman sevgilisi - onun qırxı çıxmamış komandante də edam edilib

Milyonlarla insanın yaddaşında Çe Gevara bir simvol olaraq qalıb, onun portreti hələ də köynəklərə və plakatlara həkk olunur. Lakin bu inqilab romantikin parlaq obrazının arxasında sevgi, xəyanət, qəddarlıq, avantüristliklə dolu canlı hekayə var. Partizan Tanya və ya Ayde Tamara Bunke Çenin təkcə “alman sevgilisi” olmayıb, həm də onun Boliviya dastanının əsas simasına çevrilib.

1960-cı ilin dekabrında Çe Gevara Şərqi Almaniyaya səfər edib. Onun tərcüməçisi Berlin Universitetinin məzunu 23 yaşlı Tamara Bunke olub. Nasistlərin repressiyası üzündən Argentinaya qaçan alman kommunistlərinin ailəsindən olan bu qadın gözlənilməz tapıntı olub. O, ispan, alman və rus dillərində səlis danışıb, istedadlı olması ilə fərqlənib. Mahnı oxuyan, gözəl rəqs edən, məharətlə piano çalan Tamara dərhal inqilabi qəhrəmanının qəlbini fəth edib. Çe özü onu “yolumu kəsən bir möcüzə ulduz” adlandırıb.

6dad3fe0-3ffe-476a-831e-76ebe9575298.jpeg

Tezliklə qız Havanaya köçüb. O, formal olaraq jurnalistika təhsili alsa da, bu, casusluq təcrübəsi olub. 1963-cü ilin mart ayında Tamara qanunsuz fəaliyyətə başlamağa razılıq verib. Bir illik gizli yazı, radio rabitəsi və sui-qəsd üzrə təlim keçib və Boliviyada Laura Qutyerrez Bauerin adına verilmiş saxta pasportla təmin edilib.

T.Bunke fəaliyyətini qısa müddət ərzində genişləndirib. O, yerli folklorla bağlı etnoqrafik tədqiqatlar apararaq nüfuzlu şəxslərin etimadını qazanıb və Çenin dəstəsi ilə əlaqə qurmaq üçün gözlənilməz kanaldan istifadə edib. Bunke Santa-Kruz radiosunun “Qarşılıqsız aşiqlər üçün məsləhət” verilişində aparıcı kimi çalışıb. O, canlı yayımda partizanlara şifrəli mesajlar ötürüb - bu, ideal bir sığınacaq olub. Orada, Kuba kəşfiyyatının vəsaiti ilə satın alınan Kalamina rançosunda dəstələr üçün hərbi baza qurub.
Lakin 1967-ci ilin yayında dəstənin taleyi sual altında qalıb. Boliviya ordusu ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə partizanları cəngəllikdən metodik şəkildə qovub. Çe Gevara qrupu bölmək qərarına gəlib və on iki döyüşçü ilə əsas bazanı tərk edib. Bu, onların son görüşü olub.

c6db42e7-d711-4068-b35b-7d9715800198.jpeg

Meşələrdə T.Bunkenin dəstəsi yerli kəndli Rojasla qarşılaşıb. O, partizanlara bələdçi olmağı təklif edib, lakin dəstəni təhlükəsiz yolla aparmaq əvəzinə, tələyə salıb. Kəndli bir müddət sonra döyüşçülərin yerini ən yaxın hərbi hissədəki hərbçilərə deyib.

Artıq pusqu hazır olub. Tamara Bunke ilk öldürülənlərdən biri olub: güllə onun sinəsinə dəyib və ağciyərini deşib. Lakin ölüm belə ona rahatlıq gətirməyib. Onun cəsədi çayla axıb və bir neçə gün suda qalıb. Boliviya əsgərləri 6 sentyabr 1967-ci ildə onun cəsədini tapdıqda, qızın meyiti şirin su piranyaları tərəfindən didilmiş durumda olub.

Piranyalın yediyi cəsəd Boliviya prezidenti Rene Barrientosa təhvil verilib. Qadının adi cinayətkarlarla birlikdə işarəsiz bir məzarda dəfn edilməsi planlaşdırılıb. Yalnız yerli kəndli qadınlar xristian olan Tamaranın dəfnini rəsmi şəkildə baş tutmasında israr ediblər və istəklərinə nail olublar. Radioda sevgilisinin ölümü barədə eşidən Çe Gevara buna inanmaqdan imtina edib və xəbəri təbliğat adlandırıb. Qızın ölümündən düz qırx gün sonra, 9 oktyabr 1967-ci ildə Çe özü də Boliviyada yaxalanıb və edam edilib.

ffc4d079-397b-420d-8270-9a400c57c48c.jpeg

Prezident Barrientos isə bir il yarım sonra, 27 aprel 1969-cu ildə təyyarə qəzasında həlak olub. Ölümündən illər sonra vertolyotunun Tamara və Çeyə qarşı qisas olaraq vurulduğu barədə şayiələr gəzib. Onun varisi vitse-prezident Luis Salinas olub. Salinasın hakimiyyəti altı aydan az davam edib və çevrilişlə başa çatıb. Bu çevriliş T.Bunke ilə şəxsən tanış olan müdafiə naziri general Ovandonu hakimiyyətə gətirib.

Yalnız 30 il sonra Tamaranın şəxsiyyəti müəyyən edilib, qalıqları tərk edilmiş Vallegrande hərbi qəbiristanlığından çıxarılıb və Santa Klaradakı Çe Gevara məqbərəsində tam hərbi şərəflə yenidən dəfn edilib. Kubanın yeddinci ən böyük şəhəri olan Spiritualo alman partizanının son dəfn yeri olub.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Seçilən
43
musavat.com

1Mənbələr