AZ

Əmir Teymur Fransa kralına niyə məktub yazmışdı? - FOTOFAKT

Sizlərə maraqlı bir məktub təqdim edirəm. Fransa Milli Arxivində bu sənəd AE/III/204 inventar nömrəsi altında qorunur.
Bu Əmir Teymurun 1402-ci ildə Fransa kralı VI Karla göndərdiyi tarixi məktubun perqament üzərində fars dilində yazılmış nüsxəsidir.
Burda yazılıb:
"Əmir Teymur Kürəkanın sözü.
Fransa məlikinə çoxlu salamlar, dostluq və rəğbət arzuları çatdıqdan sonra...
Uca və Böyük Tanrının fərmanı, Onun lütfü və sonsuz qüdrəti ilə yer üzünün asayişi bərqərar oldu. Onun uca dərgahına şükürlər olsun! Sizə bəyan olsun ki, biz hörmətli elçimiz, dindar rahib Françiskonun (Sultaniyə arxiyepiskopu) vasitəsilə dostluq və səmimiyyət məktubları göndərmişdik.
Eyni zamanda, bildiyiniz kimi, Bəyazid qoşun toplayaraq bizə qarşı çıxmışdı. Lakin Tanrının lütfü və yardımı ilə biz onu darmadağın etdik, ordusunu məğlubiyyətə uğratdıq və özünü əsir götürdük. Bu böyük qələbə bizim haqqa sadiqliyimizin bir nişanəsidir. İndi isə dostluğumuzun daha da möhkəmlənməsi üçün aramızda elçilərin gediş-gəlişi davam etməlidir. Biz öz tərəfimizdən bəyan edirik ki, sizin tacirləriniz bizim ölkələrə sərbəst şəkildə gələ bilərlər. Onların təhlükəsizliyi tam təmin olunacaq, qorunacaqlar və onlara qarşı heç bir haqsızlıq və ya maneə törədilməyəcək.
Eyni şəkildə, bizim tacirlərimiz də sizin ölkələrə gəldikdə, onlara eyni hörmətin göstərilməsini, təhlükəsizliklərinin təmin edilməsini və haqlarının qorunmasını sizdən xahiş edirik. Çünki dünya tacirlərin fəaliyyəti və gediş-gəlişi sayəsində abadlaşır. Bu barədə fikirlərinizi və istəklərinizi hörmətli elçimiz Rahib Françisko vasitəsilə bizə bildirə bilərsiniz. Salam olsun haqqa tabe olanlara və doğru yolu seçənlərə!"
İlk öncə qeyd edim ki, Teymurla Fransa kralı VI Karl arasında rəsmi səfirlik mübadiləsi barədə heç bir məlumatımız yoxdur və Fransa arxivlərində qorunan diplomatik yazışmalar Ankara döyüşündən sonrakı dövrə aiddir. 1402-ci il iyulun 28-də Əmir Teymur Ankara döyüşündə Osmanlı sultanı İldırım Bəyazidi məğlub edir.
Bu qələbə o dövrdə Osmanlı genişlənməsindən ciddi narahat olan Avropa krallıqlarında, xüsusilə də Fransa və İngiltərədə böyük sevinclə qarşılanır. Osmanlların əsir saxlanılan bir çox avropalı, o cümlədən fransız əsirlər və sənətkarlar Teymurun əlinə keçdi. Teymur bu əsirlərin bir qismini azad edərək Fransa kralına xoş niyyət rəmzi olaraq geri göndərdi, bəzi mütəxəssisləri isə paytaxt Səmərqənddə quruculuq işlərində qısa müddətli istifadə etdi.
Lakin Teymurun VI Karla yazdığı orijinal məktubdan belə nəticəyə gələ bilərik ki, onlar arasında bu məktubdan əvvəl də yazışmalar olub. Onların mesajları Roma Kuriyasının dəstəyi ilə katolik rahibləri tərəfindən ötürülürdü.
Fransa kralının məktubunda Fransa ilə Teymurun imperiyası arasında ticarət əlaqələrinin inkişafına xeyli yer ayrılıb. Kralın məktubunda fransız təbəələrinin Teymurun ərazilərinə sərbəst girişi olduğu və bundan öz mənfəətləri üçün geniş şəkildə istifadə etdiyi göstərilir. Kral ilə Teymur arasında qalan yazışmalar göstərir ki, müqavilə ticarət müqaviləsinin bağlanması ilə bağlı idi.
Əmir Teymur, 35 illik hakimiyyəti dövründə dünyanın 27 coğrafiyasını bir bayraq altında birləşdirən 7 dünya hökmdarı idi. Teymur həm də Avropa dövlətlərini Osmanlı ilə savaşda kömək edən müttəfiqlər kimi görürdü. Fransa kralı VI Karla məktublaşırdı, eyni zamanda İspaniya ilə də əlaqələrə önəm verirdi. Teymur səfir Çağatayı Kastiliya sarayına hədiyyələr ilə göndərmiş idi. Kastiliya kralı III Henrix 21 may 1403-cü ildə Ruy Qonzales de Klavixo başda olmaqla digər iki diplomat Alfonso Paez və Qomes de Salazarla birlikdə Səmərqənddəki Teymur sarayına səfirlik göndərdi. 1406-cı ildə qayıdanda Teymur İspaniya kralını “öz oğlu” hesab etdiyini ona deməyi tapşırmış idi.
Avropa ilə əlaqələr qurulduqca Avropalı cənagvərlər və səyyahlar Əmir Teymurun yanına gedib ona xidmət etmək istədiklərini bildirirdilər. Bunlardan biri də Jak de Feya idi. “Tamerlanın sarayında fransız Jak du Fay” adlı məqalənin müəllifi Mişel Bernardini yazır ki, Əmir Teymura çox sadiq olan fransız cəngavər xaçpərəstlər haqqında düşüncələrinin dəyişməsinə təsir etmək üçün onun yanında idi.
Bu diplomatik gedişat böyük bir hərbi-iqtisadi ittifaqa çevrilməsə də, tarixdə çox mühüm bir iz qoydu.Bu iz TÜRKÜ-TÜRKƏ qarşı qoymaq idi. Sonradan Səfəvilər-Osmanlılar-Əfşarlar-Baburlar və sairələr bir birinə düşmən olaraq da qaldı.
Zaur Əliyev, tarixçi
Seçilən
25
news365.az

1Mənbələr