AZ

Ən bahalı futbolçuların siyahısı yeniləndi – Xviça ilk onluğa düşdü


“Transfermarkt” futbolçuların transfer qiymətlərini yeniləyib.
Yeniavaz.com
xəbər verir ki, son dəyişikliklər xüsusilə uğurlu mövsüm keçirən “Paris Saint-Germain” (PSJ) futbolçularına təsir göstərib.
Yenilənmədən sonra gürcü futbolçu Xviça Kvaratsxeliya dünyanın ən bahalı 10 oyunçusu sırasında yer alıb.
PSJ futbolçularının bazar dəyərindəki ciddi artım klubun mövsüm ərzində qazandığı uğurlar və oyunçuların fərdi performansı ilə əlaqələndirilir. Paris təmsilçisi mayın 30-da UEFA Çempionlar Liqasının finalında “Arsenal”ı penaltilər seriyasında məğlub edərək ardıcıl ikinci dəfə Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub. Bundan əvvəl komanda “Fransa Liqa 1” titulunu da qazanıb.
UEFA tərəfindən 2025/26 mövsümünün ən yaxşı futbolçusu seçilən Xviça Kvaratsxeliya mövsüm ərzində PSJ forması ilə 10 qol vurub, 6 məhsuldar ötürmə edib. Gürcü futbolçu dörd dəfə matçın ən yaxşı oyunçusu seçilib və mövsümün rəmzi komandasına daxil edilib.
“Fransa Liqa 1” və UEFA Çempionlar Liqasındakı uğurlu çıxışlardan sonra “Transfermarkt” Kvaratsxeliyanın bazar dəyərini 50 milyon avro artırıb. Beləliklə, onun transfer qiyməti 90 milyon avrodan 140 milyon avroya yüksəlib. Nəticədə 25 yaşlı futbolçu dünyanın ən bahalı 10 futbolçusu siyahısına daxil olub.
Kvaratsxeliya ilə yanaşı, komanda yoldaşları Vitinya və Joao Nevesin də bazar dəyəri artaraq 140 milyon avroya çatıb. Hər iki futbolçu hazırda “Transfermarkt”ın ən bahalı futbolçular reytinqində ilk onluqda qərarlaşıb.
Hazırda dünyanın ən bahalı futbolçusu statusunu üç oyunçu bölüşür. “Barselona”nın ulduzu Lamin Yamal, “Mançester Siti”nin hücumçusu Erlinq Holan və “Real Madrid”in forvardı Kilian Mbappe 200 milyon avroluq bazar dəyəri ilə siyahıya başçılıq edirlər.
İkinci pillədə isə “Barselona”dan Pedri, “Bavariya”dan Maykl Olise və “Real Madrid”dən Vinisius Junior qərarlaşıb. Onların hər birinin bazar dəyəri 150 milyon avro təşkil edir.
“Transfermarkt”a görə dünyanın ən bahalı 10 futbolçusu:
Lamin Yamal (“Barselona”) – 200 milyon avro;
Erlinq Haaland (“Mançester Siti”) – 200 milyon avro;
Kilian Mbappe (“Real Madrid”) – 200 milyon avro;
Pedri (“Barselona”) – 150 milyon avro;
Maykl Olise (“Bavariya”) – 150 milyon avro;
Vinisius Junior (“Real Madrid”) – 150 milyon avro;
Joao Neves (PSJ) – 140 milyon avro;
Cud Bellinqem (“Real Madrid”) – 140 milyon avro;
Xviça Kvaratsxeliya (PSJ) – 140 milyon avro;
Vitinya (PSJ) – 140 milyon avro.


Murad Məmmədov
Seçilən
19
1
yeniavaz.com

2Mənbələr