Hindistan dövləti zikhlərin xalq olaraq ya fiziki məhvinə, ya da assimilyasiyasına - dilini, mədəniyyətini, irsini və inancını məhv etməyə çalışır.
"Report"un məlumatına görə, bunu Beynəlxalq Zikhlər Federasiyasının sədri Moninder Sinqh Bakıda keçirilən "İyun 1984-cü il, Amritsardakı hadisələr: soyqırımı kontekstində Hindistanın etnik azlıqlara qarşı transnasional repressiyaları" mövzusunda beynəlxalq konfransda bəyan edib.
"Bu gün mübarizəmiz yeni mərhələyə qədəm qoyur. Fikrimizcə, Hindistan dövləti bizim xalq olaraq ya fiziki məhvimizə, ya da assimilyasiyamıza - dilimizin, mədəniyyətimizin, irsimizin və inancımızın məhvinə can atır. Və heç bir zikh bununla barışmayacaq. Biz bunun baş verməsinə imkan verməkdənsə, ölməyə hazırıq. 1984-cü ildən sonra hər bir zikh nəslinin mövqeyi məhz belə olub", - o bildirib.
Sinqhin sözlərinə görə, Bakıdakı konfrans beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və müxtəlif cəmiyyətlər arasında dialoqların inkişafına şərait yaradır.
"Bugünkü görüş bizə körpülər qurmaq, yeni əməkdaşlıq yolları axtarmaq, tərəfdaşlığı inkişaf etdirmək və cəmiyyətlər arasında real dialoqlar aparmaq imkanı verir", - Zikhlər Federasiyasının rəhbəri qeyd edib.
O, həmçinin vurğulayıb ki, son beş-altı ay ərzində təşkilatın nümayəndələri Azərbaycana dəfələrlə səfər ediblər.
"Əminliklə deyə bilərik ki, burada hörmətlə qarşılandıq. Bizə ən yüksək dövlət səviyyəsində dialoq aparmaq, akademik ictimaiyyətlə və Bakı Təşəbbüs Qrupu kimi qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək, bu məsələləri layiqli və açıq şəkildə müzakirə etmək imkanı yaradıldı", - Sinqh əlavə edib.