1984-cü ilin iyun hadisələri zikhlərə qarşı soyqırımı idi.
APA xəbər verir ki, bunu Böyük Britaniya Zikh Federasiyasının icraçı direktoru Dabinderjit Sinqh Sidhu Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırımı kontekstində” adlı beynəlxalq konfransdakı çıxışında deyib.
O qeyd edib ki, 1948-ci il BMT Soyqırımı Konvensiyasına əsasən soyqırımı milli, etnik, irqi və ya dini qrupun tam və ya qismən məhv edilməsinə yönəlmiş qəsdən həyata keçirilən fəaliyyətləri əhatə edir.
İcraçı direktorun sözlərinə görə, zikhlər konvensiya çərçivəsində qorunan qrup hesab olunur və 1984-cü ilin iyununda baş verən hadisələr bu kontekstdə hüquqi araşdırma predmeti olmalıdır.
O vurğulayıb ki, soyqırımı ittihamının hüquqi müstəvidə sübuta yetirilməsi üçün əsas şərtlərdən biri müəyyən bir qrupun məhv edilməsinə yönəlmiş niyyətin mövcudluğunun göstərilməsidir.
Dabinderjit Sinqh Sidhu bu istiqamətdə müxtəlif fakt və dəlillərin araşdırılmasının vacibliyini qeyd edib.
O, həmçinin bildirib ki, Hindistan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etməsə də, Soyqırımı Konvensiyasına qoşulmuş ölkələrin milli qanunvericilikləri çərçivəsində belə cinayətlərin araşdırılması üçün hüquqi mexanizmlər mövcuddur.