AZ

Deputat: "Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib"

Azərbaycanın qlobal enerji xəritəsindəki rolu getdikcə güclənir və ölkəmiz artıq sadəcə investisiya qəbul edən tərəf deyil, həm də beynəlxalq miqyasda irihəcmli layihələrin maliyyələşdiricisi kimi çıxış edir. 

Prezident İlham Əliyevin rəsmi açılış mərasimində iştirak etdiyi 31-ci “Baku Energy Forum”undakı nitqi də məhz bu böyük iqtisadi və strateji transformasiyanın bariz nümunəsidir. Dövlətimizin başçısının forumda xüsusi qeyd etdiyi kimi, ötən 30 il ərzində həyata keçirilən düzgün və uzaqgörən enerji siyasəti Azərbaycanın xaricə investisiya qoymaq imkanlarını maksimuma çatdırıb. 

Bu gün ölkəmizin milli sərvəti hesab olunan SOCAR vasitəsilə Yaxın Şərq, Afrika və Mərkəzi Asiya kimi geniş bir coğrafiyada mühüm sərmayələr yatırılır və bu regional çeşidlilik Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi mütləq töhfənin miqyasını daha da artırır.

Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycanın neft strategiyası ölkə infrastrukturunun inkişafına və sosial təminat sisteminin gücləndirilməsinə mühüm töhfə verib:

400995

“Bununla yanaşı, Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib. Əsrin müqaviləsinin imzalandığı dövrdə Azərbaycanın böyük həcmdə sərmayəyə ehtiyacı var idi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə bağlanan bu müqavilədə ölkənin milli maraqları tam şəkildə qorunub. Nəticədə, Azərbaycan qısa müddət ərzində bonus ödənişləri də daxil olmaqla iri həcmli xarici investisiyalar cəlb etməyə nail olub”.

Deputat qeyd edib ki, ötən dövrdə Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyaların həcmi əhəmiyyətli dərəcədə artıb:

“Hazırda Azərbaycan təkcə investisiya qəbul edən deyil, həm də xarici ölkələrə, o cümlədən Avropa İttifaqı məkanına sərmayə yatıran dövlətlər sırasındadır. Azərbaycan Dövlət Neft Şirkətinin İsveçrə də daxil olmaqla bir sıra Avropa ölkələrində investisiya layihələri mövcuddur. Bu isə həm dövlət şirkətləri, həm də yerli biznes üçün yeni imkanlar yaradır. 

İnvestisiya portfelinin genişləndirilməsi yalnız ölkə daxilində deyil, xarici bazarlarda da əlavə gəlirlərin əldə olunmasına şərait yaradır. Bu, dövlətin iqtisadi gücünü və maliyyə imkanlarını nümayiş etdirən əsas göstəricilərdən biridir. Azərbaycanın iqtisadi qüdrətinin artması fonunda kiçik və orta sahibkarlıq subyektləri üçün də yeni inkişaf imkanlarının formalaşdığını müşahidə edirik”.

Günel Cəlilova

Seçilən
45
hit.az

1Mənbələr