AZ

ÜMT: El-Nino iqlim hadisəsi bu yay mövsümündə təkrarlana bilər

Bakı, 3 iyun, AZƏRTAC

Növbəti aylarda El-Nino iqlim fenomeni qlobal miqyasda yenidən ortaya çıxa bilər. Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, bu yay onun başvermə ehtimalı təxminən 80 faizdir və azı noyabr ayına qədər davam etməsi proqnozu 90 faizdən yuxarıdır.

AZƏRTAC ÜMT-yə istinadla xəbər verir ki, El-Nino qlobal istiləşməni gücləndirə və istilik dalğaları, quraqlıq, güclü yağışlar və daşqınlar da daxil olmaqla ekstremal hava hadisələri riskini artıra bilər.

Mütəxəssislər bildirirlər ki, hazırda tropik Sakit okeanda səth suyunun temperaturu yüksəlir. Bundan əlavə, okeanın yeraltı təbəqələrində əhəmiyyətli dərəcədə istilik toplanıb və bu da fenomenin daha da inkişafı üçün əlverişli şərait yaradıb.

BMT-nin Baş katibi Antonio Quterreş El-Nino hadisəsinin ciddi iqlim xəbərdarlığı kimi qəbul edilməsinə çağırıb. O, videomüraciətində bərpaolunan enerjiyə sürətli keçidin, əhalinin ən həssas təbəqəsinin qorunması və erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Baş katib əlavə edib ki, “El-Nino şəraiti qlobal istiləşmənin alovuna yanacaq əlavə edəcək”.

El-Nino mərkəzi və şərq ekvatorial Sakit okean regionunda səth sularının istiləşməsi ilə əlaqəli təbii iqlim hadisəsidir. O, adətən, hər iki ildən yeddi ilə qədər müddətdə baş verir və təxminən bir il davam edir, həmçinin dünyanın bir çox bölgəsində hava şəraitinə təsir göstərir.

ÜMT-nin baş katibi Seleste Saulonun sözlərinə görə, qlobal ictimaiyyət həm quruda, həm də okeanda artan quraqlıq, güclü yağışlar və istilik dalğaları potensialına hazır olmalıdır. O qeyd edib ki, 2023-2024-cü illərdə baş verən El-Nino hadisəsi tarixdə ən güclü beş fırtınadan birinə səbəb olub və rekord səviyyədə qlobal temperaturları yadda qalıb.

ÜMT-nin proqnozlarına görə, iyun-avqust aylarında dünyanın əksər bölgəsində normadan yuxarı temperaturun olacağı gözlənilir. Bu, istilik stresini gücləndirə, quraqlığı sürətləndirə və ekstremal hava hadisələrinin başvermə ehtimalını artıra bilər.

Bununla belə, alimlər qeyd edirlər ki, hazırda iqlim dəyişikliyinin El-Nino hadisələrinin tezliyini və ya gücünü artırdığına dair heç bir dəlil yoxdur. Lakin isti okeanlar və atmosferdə ekstremal hava şəraiti üçün əlavə şərait yaratdığı üçün qlobal istiləşmə bu fenomenin təsirlərini gücləndirə bilər.

ÜMT vurğulayıb ki, müasir mövsümi proqnozlar ölkələrə kənd təsərrüfatına, su təchizatına və digər həyati əhəmiyyətli sahələrə potensial təsirlərə əvvəlcədən hazırlaşmağa imkan verir.

Seçilən
46
2
azertag.az

3Mənbələr