AZ

Ənənəvi enerji resursları ilə yaşıl enerjinin harmoniyasını yaradan Azərbaycan ŞƏRH

Bakı, 3 iyun, AZƏRTAC

Qlobal enerji bazarlarında yeni geosiyasi reallıqların formalaşdığı, enerji təhlükəsizliyi və yaşıl keçidin beynəlxalq gündəliyin əsas mövzularına çevrildiyi bir dövrdə Azərbaycan özünü yalnız enerji istehsalçısı kimi deyil, həm də enerji siyasətini formalaşdıran və regionlararası əməkdaşlığı təşviq edən mühüm tərəfdaş kimi təsdiqləyib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O, Azərbaycanın enerji siyasətinin artıq yalnız neft və qazla məhdudlaşmadığına diqqət çəkib. Deputatın sözlərinə görə, son illər ölkədə yaşıl enerji sahəsində böyük addımlar atılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpaolunan enerji mənbələrinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycanın quruda 135 giqavat, dənizdə isə 157 giqavat həcmində texniki bərpaolunan enerji potensialına malik olması ölkəmizə bu sahədə mühüm üstünlüklər qazandırır. Hazırda ölkədə onlarla yaşıl enerji layihəsi həyata keçirilir. Mingəçevirdə yeni elektrik stansiyasının açılması, Cəbrayılda yeni günəş elektrik stansiyalarının tikintisi, işğaldan azad olunmuş ərazilərdə minlərlə ev və ictimai binada günəş panellərinin quraşdırılması bu siyasətin praktik nəticələridir. Qarabağ və Şərqi Zəngəzur artıq Yaşıl Enerji Zonası elan olunub və həmin ərazilərdə hidroenerji layihələri də sürətlə inkişaf edir. Dövlətimizin başçısının “Bakı Enerji Həftəsi”ndə bildirdiyi kimi, gələn ilin sonunadək Azərbaycanın Günəş və külək enerjisi üzrə gücü 2 giqavata, 2032-ci ilədək isə 8 giqavata çatacaq. Bu, ölkənin enerji balansında bərpaolunan mənbələrin rolunu əhəmiyyətli dərəcədə artıracaq.

“Azərbaycan regionun yaşıl enerji mərkəzinə çevrilmək istiqamətində mühüm addımlar atır. Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”ndə çıxışında xüsusi vurğulayıb ki, ölkələr neft və qaz ehtiyatlarına malik olduqları üçün deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə görə qiymətləndirilməlidirlər. Azərbaycan məhz bu model üzrə hərəkət edərək enerji gəlirlərini sosial inkişafa, infrastrukturun qurulmasına, insan kapitalına və yaşıl gələcəyə yönəldib. Bu gün Azərbaycan strateji diplomatiya, uğurlu enerji siyasəti və regional əməkdaşlıq sayəsində Avropa ilə Asiya arasında mühüm enerji körpüsünə çevrilib. Ənənəvi enerji resursları ilə yaşıl enerjinin harmoniyasını yaradan Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində və enerji keçidinin sürətləndirilməsində öz lider mövqeyini daha da möhkəmləndirir”, - deyə deputat vurğulayıb.

Seçilən
27
4
azertag.az

5Mənbələr