Doğma təhsil ocağında işıqlı bir ülfət çırağının istisinə isinmişdik. Məktəb illərinin bənzərsiz və doyumsuz anları çoxdan arxada qalıb.
Yeddi yaşımızda birinci sinfə getdik. İndi ömrün yetmişinə yetişirik. Faxralı kənd orta məktəbini düz yarım əsr bundan əvvəl bitirdik. Ali təhsil almaq üçün Tbilisidən Bakıya sərnişin qatarı ilə gəldik. O zaman qatarın fit səsi könlümüzə layla çalır, qəlbimizi oxşayırdı. Uğurumuz xeyir oldu. Arzumuz kama yetdi. Ona görə, Tbilisi–Bakı qatarının yaşıdlarımızın yaddaşında xüsusi yeri var.
O qatar gəncliyimizə sevinc, ürəyimizə hərarət, arzularımıza qanad verdi. Hərəmiz bir ülvi arzunun sorağında, bir könül yolunun marağında idik. Borçalıdan Bakıya uzanan könül yolunda arzusuna çatanlar çox oldu. Məzun olduğumuz il məktəbin tarixində ən güclü buraxılış ili oldu. Aramızdan alim də, həkim də, müəllim də, mühəndis də, şair də, jurnalist də çıxdı. Sinif yoldaşımız Əflatun Amaşov Mətbuat Şurasının sədri olarkən Milli Məclisin deputatı seçildi. Elimizin adına ucalıq gətirdi.
Orta məktəbdə dəyərli müəllimlərimizdən dərs aldıq. Ağaclar bar verəndə meyvələr bağları bəzədiyi kimi, müəllimlərin ümidini doğruldan şagirdlər də oxuduqları məktəbin adını bəzəyir.
Sevə-sevə bizə elm öyrədən müəllimlərimizlə yanaşı, yaşadığımız mühit də bizə dərs verdi – həyat dərsi! Ömrün hər günü bizə bir sınaq, bir imtahan oldu. Həyat insanı həmişə sınaqlardan keçirir. Ötən günlərin sınaqları hələ də yadımızdan çıxmayıb.
...İllər keçdi, yaşa dolduq. Biz yaşa dolduqca sıralarımız seyrəldi. Nəslimizin yarpaq tökümü başladı. Həmin məktəb yoldaşlarımızdan bir çoxu bu gün həyatda yoxdur. Tale onların ömrünü yarıda qoydu.
Heyif sizdən, sıralarımızı vaxtsız tərk edən məktəb yoldaşlarımız-Sabir Ömərov, İbrahim Əlizadə, Adil Həsənov, Rəşid Qasımov və başqaları... Bizdən xoş xatirələrlə ayrıldınız... Birlikdə qatarla Tbilisidən Bakıya ali təhsil almağa gəldiyimiz gün heç yadımdan çıxmır. Adınız da, xatirələriniz də bizim üçün könül ziyarətidir.
Adlarını qeyd etdiyim məktəb yoldaşlarımızın hamısı Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) nüfuzlu fakültələrinə qəbul oldular və universiteti müvəffəqiyyətlə bitirdilər. Sabir, İbrahim və Rəşid fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorları oldular. Adil isə universitetin coğrafiya fakültəsini bitirdikdən sonra təyinatla Balakən rayonunda işləməyə göndərildi. Bir müddət orada müəllim kimi çalışdıqdan sonra, Balakən rayon Təhsil Şöbəsində müxtəlif vəzifələrdə işlədi.
Hər biri işlədiyi sahədə millətinə, dövlətinə fayda verib, vaxtsız bu dünyadan köçdü. Onların yoxluğu sıralarımızda böyük bir boşluq yaratdı.
Vaxt vardı, oğlanlı-qızlı məktəb yoldaşlarımızın hamısı bir yerdə olardı. Sinif otaqlarımız bahar ətrilə dolardı. İndi ömrümüzün payız fəslidir. Payız yelləri soyuq nəfəslidir. Başımızın üstündən payız yelləri əssə də, könlümüzdə qönçələr gül açır. Uşaqlıq çağımızın o fərəhli günlərində təbiət önündə diz çöküb bənövşələri qoxladığımız günlər bir də ömrümüzə qayıtmaz.
Nə yaxşı ki, ilin dörd fəsli varmış. Yoxsa, ömrün ilk baharının qədrini bilməzdik. Ömrün şən, fərəhli yeddisindən qayğılı yetmişinə yetişirik. Keçmiş xatirələrin yerində qalan isə həyat eşqimizdir. Təki insanın həyat eşqi tükənməsin.
Dünyaya göz açdığım, qucağında böyüdüyüm kəndimizin həsrətinə minnətdaram. Xatirə qanadlarında həsrətli könlüm kəndimizdəki məktəbi dolanıb gəlir. Məktəbə getdiyimiz kəndarası yollar, dünya görmüş sıra dağlar göz önündən gəlib keçir.
Altı ildir Gürcüstanla sərhəddə quru yollar bağlı olduğuna görə gedib-gələ bilmirik. Doğmalarımızın, əzizlərimizin qəbirlərini ziyarət edə bilmirik. Məktəb yoldaşlarımızdan, qohumlarımızdan da kənddə yaşayanlar var. Onlara əlimiz çatmasa da, birgə keçən günlərimizi sözdə yaşatmaq üçün Bakıda yaşayanlarla vaxt olduqca görüşürük. Hər görüşdə yeni bir ruh duyulur.
Son günlərədək ümidsizlik ürəyimizi üzmüşdü. Evimizin yaxınlığından keçən qatarların fit səsi ürəyimə xüsusi bir sevinc gətirdi. Artıq Bakıdan Tbilisiyə gedən qatarlar Vətən torpaqlarının üstündəki dəmir yolunda dolana-dolana şütüyür. İllərdən bəri fəaliyyətsiz qalmış Bakı-Tbilisi sərnişin qatarı yenə ürəyimizi, ruhumuzu özü ilə çəkib aparır. Yenə də qatarın yolunu gözləyən doğmalar, əzizlər bir-birini qucaqlayıb bağrına basır. Vağzalda elə kövrək, elə titrək səslə dinib danışırlar ki... Üzlərindən kövrəklik, narahatlıq, həm də gizli bir sevinc ifadəsi oxunur. Hərdən hönkürtü və qəhqəhələr də bir-birinə qarışır. Tbilisiyə getməyə hazırlaşan ixtiyar yaşında bir ana onu ötürməyə gələn nəvəsindən hər dəfə soruşurdu:
- Dərdin alem, Tbilisiyə gedən qatar budurmu, nə vaxt tərpənəcək? Hələ Tbilisidə düşüb ordan da Borçalıya getməliyəm.
İxtiyar ananın üzündə işıqlı bir təbəssüm vardı. Onun bu halı məni əməlli-başlı kövrəltdi. Sonra da ağır-ağır əl ağacına dirsəklənərək ayağa durdu. Səndələyə-səndələyə vaqona tərəf getdi. Qatar bələdçisinin və nəvəsinin köməyi ilə vaqona qalxdı. Elə bil, çiyinlərində həsrət, qəm-qüssə dolu bir yük aparırdı.
Nəvəsinin dediyinə görə, səksən beş yaşlı nənəsi Borçalıya getməyi çox arzulayır. Amma təyyarəylə gedə bilmir. Sərnişin qatarı fəaliyyətə başlayan gündən doğmalarının yanına getmək üçün sanki qol-qanad açıb. Bakıdan qatara mindirib yola salırıq. Tbilisidə də qohumlar qarşılayacaq. Amma quru sərhədlər açılsa, ahıl yaşlı insanlar Borçalıya daha rahat gedib-gələr. Nənəmin son arzusu, son istəyi də budur.
Azərbaycanın quru sərhədləri pandemiyaya görə, 2020-ci ilin yazından bağlıdır. Hələ ki, hava yolu və dəmir yolu ilə gedib-gəlmək mümkündür. Çox güman ki, bir gün də Borçalıya quru yolla gedə biləcəyik. Bu arzu da gözəl səslənir – Bakıdan Borçalıya yollar görünür...
Həzi HƏSƏNLİ,
şair-publisist