AZ

"Evin sirrini niyə rəfiqələrinə danışmısan" deyib arvadı ilə dalaşdı, qaynını bıçaqladı

Bakıda 37 yaşlı kişi qaynına bıçaqla xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda baş verib. 1989-cu il təvəllüdlü Bəhruz yaşadığı evin qarşısında qohumu, 1993-cü il təvəllüdlü Mədət (adlar şərtidir – red.) ilə mübahisə edib. 

Aralarında yaranmış mübahisə zamanı təqsirləndirilən şəxs Mədətin bud nahiyəsinə bıçaqla qəsdən vuraraq ona xəsarət yetirib. 

İş üzrə ifadə verən Bəhruzun sözlərinə görə, zərərçəkmiş Mədətin bacısı Ülviyyə ilə 2010-cu ildə rəsmi nikaha daxil olub, birgə nikahdan 2 övladı var:

“Arvadım və övladlarım ilə birlikdə yaşasam da, hazırda ayrı yaşayırıq. Məlum hadisədən bir gün əvvəl, axşam saat 23:00-da yaşadığımız evdə olan zaman arvadım ilə aramızda sözlə mübahisə baş verdi. Buna səbəb onun evin sirrini rəfiqələrinə danışması olub. Bundan sonra yatdım”. 

Təqsirləndirilən şəxs deyib ki, gecə saat 01:30-da evdə yatan zaman qaynı Mədətin onların evinə gəldiyini görüb:

“Mədət məni çağırdı. Mən yuxudan oyanaraq onunla salamlaşdım. Bu zaman bildirdi ki, bacısını niyə incitmişəm. Mən isə cavab olaraq dedim ki, öz ailəmdir, öz işimdir. Bu zaman Mədət mənim və anamın ünvanına nalayiq söyüş söydü. Mən söyüş söyəndə evin mətbəxinə keçərək bıçaq götürdüm. Bu zaman Mədət evdən qaçdı. Mən də onun arxasınca qaçaraq getdim. Evindən təqribən 30 metr aralıda ona çatdım, əlimdə olan mətbəx bıçağı ilə onun bud və ayaq nahiyəsindən 2 dəfə vuraraq xəsarət yetirdim. Mədət qaçaraq getdi. Mən əlimdəki bıçağı evimin yanından keçən Samux-Abşeron su kanalına ataraq evimə qayıtdım”. 

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Bəhruz 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin yaşadığı evi cəzaçəkmə müddəti ərzində hər gün axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməsi, həmçinin bu müddətdə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməsi qadağan olunub.

Bundan başqa, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə işitrak etməmək vəzifələrini yerinə yetirməsi tapşırılıb.

Fariz Məlikli
Demokrat.az
Seçilən
17
1
demokrat.az

2Mənbələr