AZ

Tramp Moskva ilə münasibətləri yaxşılaşdırmaq istəyir?

ABŞ rəsmisinin Rusiyaya səfəri Vaşinqton-Moskva münasibətləri ilə bağlı diqqət çəkib.

Redaktor.azxəbər verir ki, Amerika Ticarət Palatasının (AmCham) prezidenti Robert Agee ABŞ Təsviri İncəsənət Komissiyasının sədri Rodni Mims Kukun Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirakını ABŞ və Rusiya arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində müsbət siqnal kimi qiymətləndirib.

Agee jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münasibətləri normallaşdırmaq niyyəti hiss olunur.

“Gördüyüm qədərilə Prezident Tramp həqiqətən də Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Cənab Kukun səfəri bunun çox yaxşı əlamətidir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Rusiya ilə əməkdaşlıq edən Amerika şirkətləri də ABŞ rəsmisinin səfərini müsbət qarşılayır.

Agee bildirib ki, Rodni Mims Kukun Rusiyaya gəlişi çərçivəsində bir sıra mədəni tədbirlər də keçirilib. O qeyd edib ki, Kuk monastır ziyarəti zamanı ikona hədiyyə edib və qarşılığında Vaşinqtona aparılması üçün başqa bir ikona təqdim olunub.

Bununla belə, AmCham prezidenti vurğulayıb ki, Kukun səfəri ABŞ hökumətinin rəsmi nümayəndə heyətinin səfəri kimi qiymətləndirilə bilməz.

“Onun rəsmi vəzifəsi var, lakin bu səfəri rəsmi nümayəndə heyətinin gəlişi adlandırmaq düzgün olmaz. O, Rusiyaya səfər etmək üçün icazə alıb və bu, müsbət haldır”, – deyə Agee əlavə edib.

O həmçinin bildirib ki, Rodni Mims Kuk Rusiyanı yaxşı tanıyır, ölkəyə dəfələrlə səfər edib və xüsusilə Sankt-Peterburqa böyük rəğbət bəsləyir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
21
1
redaktor.az

2Mənbələr